Şəkidə 300 illik kəlağayı qorunub saxlanılır
İpəkçilik ənənələri ilə dünyada tanınan Şəkidə təxminən 300 il əvvələ aid kəlağayı qorunub saxlanılır. Uzunluğu 2 metr, eni isə 1,60 metr olan qədim kəlağayı həm ölçüləri, həm də əks etdirdiyi tarixi geyim ənənələri ilə diqqət çəkir.
TodayPress TV xəbər verir ki, bu barədə “Süsən” Kəlağayı Mərkəzinin direktoru İradə Abdullazadə məlumat verib.
Onun sözlərinə görə, kəlağayının ölçüləri həmin dövrdə qadınların uzun boyu ilə seçilən geyim ənənəsini əks etdirir. Bu nümunə Şəkidə əsrlər boyu yaşadılan ipəkçilik sənətinin və milli geyim mədəniyyətinin izlərini özündə daşıyır.
Şəki qədimdən ipəkçilik ənənələri ilə seçilib. Şəhərin sənətkarları xam ipəkdən zərif parçalar, gözəl geyimlər və al-əlvan kəlağayılar hazırlayaraq onları xarici ölkələrə ixrac ediblər. Yüksək keyfiyyətli ipəyi ilə şöhrət qazanan Şəki uzun illər bu sahənin mühüm mərkəzlərindən biri olub.
Şəhərdə ipək sənayesinin inkişafında mühüm hadisələrdən biri də 1931-ci ildə baş verib. Həmin il Şəkidə keçmiş SSRİ-nin ən böyük ipək sənayesi müəssisələrindən biri olan ipək kombinatı fəaliyyətə başlayıb.
Bu gün qorunub saxlanılan qədim kəlağayı isə Şəkinin zəngin sənətkarlıq irsini yaşadan nümunələrdən biridir. Belə tarixi əşyalar yalnız keçmişin geyim mədəniyyəti haqqında məlumat vermir, həm də milli dəyərlərin və ənənələrin gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Türkan İsgəndərli