Bağçalı Azərbaycan-Türkiyə münasibətlərindən danışdı: "Bu bağlar..."
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı türk dövlətləri arasındakı münasibətlərin tarixi köklərə söykəndiyini və kənar siyasi planlarla zəiflədilə bilməyəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, o, partiyasının Mərkəzi İdarə Şurasının toplantısından sonra yaydığı yazılı açıqlamada türk dünyasının gələcəyinin suverenlik, qarşılıqlı hörmət, etimad və qardaşlıq prinsiplərinə əsaslanmalı olduğunu vurğulayıb.
Bağçalı gələn həftə Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün ortaq gələcək iradəsinin mühüm göstəricisi olacağını qeyd edib. O bildirib ki, türk dövlətləri arasındakı həmrəylik və qarşılıqlı etimad qorunmalıdır.
MHP sədri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək onu Ankara sammitinə dəvət etməsinə də münasibət bildirib. O, bu addımın Türkiyə-Azərbaycan münasibətlərinin tarixi və strateji əhəmiyyətinin qorunması baxımından vacib olduğunu deyib.
Bağçalı vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında mümkün fikir ayrılıqları qarşılıqlı anlaşma və birbaşa dialoq yolu ilə həll edilməlidir. Onun sözlərinə görə, iki ölkə arasındakı etimadın qorunması həm ikitərəfli münasibətlər, həm də türk dünyasının gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Türkan İsgəndərli