İnternetiniz qəfil kəsilirsə, səbəb bu sadə səhv ola bilər
Əksər istifadəçilər internet bağlantısı normal işlədiyi üçün Wi-Fi routerlərini illərlə söndürmür. Lakin mütəxəssislər cihazın vaxtaşırı yenidən başladılmasının həm şəbəkənin təhlükəsizliyi, həm də işləmə performansı baxımından vacib olduğunu bildirirlər.
TodayPress TV xəbər verir ki, BGR yazır ki, routerin yenidən başladılması bağlantı problemlərini aradan qaldırmaqla yanaşı, müvəqqəti yaddaşı təmizləyir, təhlükəsizlik proseslərini yenidən işə salır və müxtəlif bağlantıları sıfırlayır.
Bu məsələ kibertəhlükəsizlik baxımından da əhəmiyyətlidir. ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) istifadəçilərə routerlərini mütəmadi olaraq yenidən başlatmağı tövsiyə edib. Bildirilir ki, adi restart bəzi hallarda cihazda fəaliyyət göstərən müvəqqəti zərərli proqramların işini dayandıra və kibercinayətkarların istifadə etdiyi bağlantıları kəsə bilər.
NSA routerin ən azı ayda bir dəfə, imkan daxilində isə həftədə bir dəfə yenidən başladılmasını məsləhət görür. Müasir routerlərin bir çoxunda avtomatik restart funksiyası da mövcuddur.
Mütəxəssislər həmçinin routerin proqram təminatının avtomatik yenilənməsi funksiyasını aktivləşdirməyi tövsiyə edirlər. Belə yeniləmələr təhlükəsizlik boşluqlarını aradan qaldırır və cihazın daha stabil işləməsinə kömək edir.
Qeyd olunur ki, routeri yenidən başlatmaqla zavod parametrlərinə sıfırlamaq eyni şey deyil. Adi restart istifadəçi məlumatlarını silmir. Zavod parametrlərinə sıfırlama zamanı isə Wi-Fi şəbəkəsinin adı, parolu və digər istifadəçi parametrləri silinir.
Buna görə də mütəxəssislər ciddi problem yaranmadığı halda əvvəlcə routeri adi qaydada yenidən başlatmağı, zavod parametrlərinə sıfırlamanı isə son variant kimi nəzərdən keçirməyi məsləhət görürlər.
Kübra Musayeva