Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar həyata keçirilir - Rəsmi açıqlama

Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar həyata keçirilir - Rəsmi açıqlama
20.10.2026 11:35 İKT

Son bir həftə ərzində Azərbaycanın dövlət qurumlarının informasiya sistemlərinə və resurslarına qarşı genişmiqyaslı kiberhücumlar müşahidə olunur.

TodayPress TV xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dövlət qurumlarına qarşı kiberhücumlar mütəmadi olaraq qeydə alınsa da, son bir həftədə onların miqyası əhəmiyyətli dərəcədə artıb.

"Hücumlar əsasən DDoS formasında həyata keçirilir və dövlət qurumlarının informasiya sistemlərinin fəaliyyətini dayandırmağa yönəlib. Bununla yanaşı, müxtəlif dövlət informasiya sistemlərinə və qurum əməkdaşlarının elektron poçt hesablarına müdaxilə cəhdləri də müşahidə edirik", – deyə Nadir Novruzov bildirib.

İdarə rəisi qeyd edib ki, hücumların əsas məqsədi dövlət informasiya sistemlərinin fəaliyyətini pozmaq və vətəndaşlara elektron xidmətlərin göstərilməsinə mane olmaqdır.

O əlavə edib ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberhücumları davamlı olaraq izləyir və onların qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirir.

TodayPress TV

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər