Fransa Respublikası dağılır - Avropa yeni Hitler axtarır

Fransa Respublikası dağılır -  Avropa yeni Hitler axtarır
20.10.2026 12:07 Təhlil

Fransanın bu gün yaşadığı təlatümlər təsadüfi bir qığılcım və ya adi sosial narazılıqdan çox illərdir daxildə toplanan qəzəbin, iflasa uğrayan idarəetmə aparatının və qlobal güc toqquşmalarının qanunauyğun partlayışıdır. Baş verənlər 1958-ci ildən bəri mövcud olan V Respublikanın son nəfəsini verdiyini, Fransanın isə qaçılmaz olaraq VI Respublikaya və ya köklü millətçi transformasiyaya sürükləndiyini göstərir.

Bu vəziyyət ilk növbədə Makron rejiminin legitillik böhranının birbaşa nəticəsidir. Cevipof-un 2026-cı il sosioloji göstəriciləri təsdiq edir ki, fransızların 78%-i siyasətə qətiyyən güvənmir, 72%-i isə mövcud siyasətçiləri korrupsioner hesab edir. Son 9 ildə ardıcıl şəkildə xalqın təməl sosial ehtiyaclarına göz yumulub. 2018-ci ildə yanacağın 23% bahalaşması ilə alovlanan "Sarı Jiletlilər" hərəkatında 300 min insan küçələrə çıxaraq etirazları 2 ay davam etdirmişdi. 2023-cü ildə pensiya yaşının 62-dən 64-ə qaldırılmasına qarşı isə 1.2 milyonluq kütlə meydanlara axışdı. Dövlət konstitusiyanın məşhur 49.3-cü maddəsi ilə parlamentdən yan keçərək bu qərarı zorla qəbul etdirdi, lakin o gündən bəri xalqın qəzəbi sönmədi və hökumət 2025-ci ildə həmin islahatı faktiki dondurmağa məcbur oldu.

Makronun bu inadkarlığı ölkəni uçuruma sürükləyib və rəqəmlər hər şeyi çılpaqlığı ilə deyir. Ipsos BVA-Cesi-nin 10 oktyabr 2026-cı il sorğusunda Makrona ictimai dəstək 15%-ə enib ki, bu da 2017-dən bəri qeydə alınan ən aşağı göstəricidir; cəmiyyətin 82%-i ondan tam narazıdır. Elabe sorğusunda xalq prezidentə 10 ballıq sistemlə cəmi 2.4 bal verib, üstəlik Makronun öz seçici bazasında belə dəstək 38%-ə düşüb. Belə bir liderin cəmiyyəti qütbləşdirmədən hakimiyyətdə qalması mümkün deyil.

Bu gün küçələrdə xüsusi xidmət və radikal qrupların iştirakı ilə təhlükəli ssenarilər cərəyan edir. 17 oktyabr etirazlarında Daxili İşlər Nazirliyi 550 min, CGT həmkarlar ittifaqı isə 800 min insanın küçəyə çıxdığını bildirdi. Eyni gündə 1800 nəfər həbs edildi, 500-dən çox polis yaralandı. Lakin Amnesty International Fransa vurğulayır ki, polisin həyata keçirdiyi 5000-dən çox həbsin 85%-i azyaşlı lisey şagirdləridir. Uşaqlara qarşı gözyaşardıcı qaz və rezin güllələr tətbiq olunur, polis qumbarasından 17 yaşlı bir yeniyetmə əlini itirib. Dinc lisey şagirdlərinin birdən-birə şəhər yandıran radikala çevrilməsi təsadüfi deyil, çünki dövlət tərəfindən idarə olunan vandallıq ictimaiyyətdə qorxu yaratmaq məqsədi güdür. Ssenari eynidir: Parisdə vitrinlər sındırılır, Lionda turizm ofisi, Limojda 1883-cü ildə tikilən tarixi bələdiyyə binası yandırılır, ardınca hökumət "xaos var" deyə haray salır. Məqsəd aydındır: dinc tələbənin haqlı tələbini kölgədə qoymaq və polis zorakılığına bəraət qazandırmaq. Törədilən cinayətlərlə bağlı 36 polis zorakılığı araşdırması açılsa da, heç bir real nəticə yoxdur.

Bütün bunlar 2027-ci il prezident seçkisinə 6 ay qalmış hərbi və ya fövqəladə vəziyyət elan etmək planının tərkib hissəsidir. Makronun reytinqinin 15% olduğu, dövlət borcunun ÜDM-in 115.6%-nə çatdığı, büdcə kəsirinin 152.5 milyard avro təşkil etdiyi və Sebastyan Lekornu hökumətinin 44 milyardlıq qənaət tələb etdiyi bir şəraitdə xaos yaratmaq, ardınca fövqəladə vəziyyətlə seçkini təxirə salmaq ən rahat yoldur. Elə bu gün küçələrə 80 min polis, 24 "Centaure" zirehli maşını, dronlar və su şırnaqları çıxarılıb. Lekornu Senatda 937 polis, 248 tələbə və 149 müəllimin yaralandığını desə də, həbs olunan 6629 nəfərin mütləq əksəriyyəti tələbə hərəkatı, həmkarlar və sol partiyaların üzvləridir. Məqsəd müxalifəti tam susdurmaqdır. Sağçı "Patriots" lideri Florian Filippot da açıq şəkildə bildirir ki, Makron 2027 seçkisini xarici təhlükələri və xüsusən Rusiya amilini bəhanə edərək ləğv etməyə hazırlaşır.

Eyni zamanda korrupsiya və diqqət yayındırma siyasəti yürüdülür. Yanacaq rekord qiymətə qalxıb, əhalinin 54%-i alıcılıq qabiliyyətinin düşməsini ən böyük problem sayır. McKinsey işi, dövlət vəsaitlərinin qaranlıq xərclənməsi və milyarderlərə verilən güzəştlər gündəmdə olduğu halda, iğtişaşlar başlayan kimi bu mövzular mediadan tamamilə silinir. Avropa bürokratları isə bu məsuliyyətsizliyə şərikdir. Ursula fon der Lyayen, Avropa Komissiyası və Avropa Parlamenti illərdir Fransadakı sosial böhrana susurlar. Öz yaratdıqları enerji böhranı və bahalığın nəticəsini Paris küçələrində gördükləri halda səs çıxarmırlar. Təkcə Paris bölgəsində bir gündə 855 nəfər həbs olunanda, 78 müəllim yaralananda və 24 məktəb yandırılanda Avropa Parlamenti bir kəlmə də danışmır. Çünki başqa ölkədə 10 nəfərlik aksiyaya dərhal reaksiya verən Avropa üçün Parisdə döyülən öz vətəndaşı olanda məsələ "daxili iş", başqa yerdə olanda isə "insan hüquqları" sayılır; bu, Avropanın klassik ikiüzlülüyüdür.

Bu xaosun arxasında dörd böyük qlobal plan və maraq toqquşur. Birincisi, Avropanı zəiflətmək istəyən ABŞ planıdır. Vaşinqton 2022-dən bəri "IRA" qanunu ilə 370 milyard dollar subsidiya ayıraraq Avropa sənayesini özünə çəkir və artıq Fransanın 3 böyük zavodu fəaliyyətini ABŞ-a köçürüb. Zəif Fransa Vaşinqtondan asılı Avropa deməkdir; Makronun güclü qalması yox, xaosda çapalayan Fransa ABŞ üçün ona görə sərfəlidir ki, müstəqil Avropa ordusu ideyası tamamilə ölsün və NATO yeganə ağa olaraq qalsın. İkincisi, Brüsselin "qənaət diktaturası" planıdır. Avropa Komissiyası Fransanın borcunun 113%-dən 90%-ə düşməsi üçün 54 milyard avro kəsilməsini tələb edir. Bu vəsait birbaşa təhsildən, səhiyyədən və pensiyadan kəsilməlidir; Lekornunun 2026 büdcəsi məhz bundan ibarətdir və Paris küçəsini yandıran qərar əslində Brüsseldə yazılıb. Üçüncüsü, xaosu böyütməyə çalışan Rusiya-Çin xəttidir. Fransa daxili kəşfiyyatı DGSI-nin 2025-ci ildə bəyan etdiyi kimi, TikTok-da "Bloquons tout" hərəkatı xarici bot şəbəkələri tərəfindən şişirdilir ki, Avropanın tək müstəqil nüvə dövləti qarışsın və 2027-də hakimiyyətə anti-NATO qüvvələr gəlsin. Dördüncüsü isə Makronun öz planıdır; 2027-də yenidən namizəd ola bilməyən lider xaos yaradıb fövqəladə vəziyyətlə seçkini təxirə salmaq və ya mərkəzçi texnokratı hakimiyyətdə saxlamaq istəyir. Necə ki 1958-də Şarl de Qoll eyni addımı atmış, 1961-də fövqəladə vəziyyətlə sistemini qorumuşdu.

Gedişatın sonu 3 real ssenari üzrə proqnozlaşdırılır. Birinci ehtimal 30% şansla yumşaq ssenaridir: hökumət 2018-də yanacaq vergisində, 2025-də pensiya islahatında olduğu kimi geri çəkilir, 44 milyardlıq qənaətin 20 milyardını ləğv edir, Lekornu istefa verir, lakin 2027 seçkisində Le Pen və ya Bardella 33-35% səslə qalib gələrək Fransanı sağa sürükləyir. İkinci və ən real olanı 50% ehtimalla sərt ssenaridir: "Hər şeyi bağla" çağırışları ilə 600 aksiya keçirilir, hökumət komendant saatı, məktəblərə polis və internetə nəzarət tətbiq edir, büdcə yenə 49.3 maddəsi ilə zorla keçirilir və Fransa 2027-yə qədər idarəolunmaz, hər ay etirazlar içində olan, -0.5% resessiyaya uğramış ölkəyə çevrilir. Üçüncü ehtimal isə 20% şansla qara ssenaridir: polisin açdığı atəşlə gənc tələbənin ölməsi xəbəri yayılır, 2005 və 2023-cü illərdəki kimi bütün banlyölar alovlanır, Makron fövqəladə vəziyyət elan edərək seçkiləri 3-6 ay təxirə salır.

Bütün bu mənzərə Fransanın V Respublikadan VI Respublikaya keçid dövrünü yaşadığını sübut edir. 1958-ci ildə qurulan güclü prezident, zəif parlament və Parisdən mərkəzləşdirilmiş idarəetmə sistemi çöküb. Dövlət borcu 3.3 trilyon avrodur, IFOP-un 2026 sorğusuna görə gənclərin 42%-i ölkəni birdəfəlik tərk etmək istəyir, polislərin 62%-i isə hökumətin siyasətindən açıq narazıdır. İdarəetmə sistemi mütləq dəyişməlidir, respublika artıq bitməlidir, çünki inqilablar dövri qanunauyğunluğa və tarixi tsiklə malikdir. Hər yeni düzən yarananda sistem məhz belə kəskin reaksiyalarla silkələnir. Fransanın imperialist sancıları, Afrikadan qovulması və qlobal hegemonluğunu itirməsi bu böhranı daha da qızışdırır.

Makron getməlidir, getməsə küçə onu aparacaq; 1958-də IV Respublikanın son baş naziri Pyer Pflimlin cəmi 15 gün tab gətirib qaçdığı kimi, 15% reytinqlə bu gün Lekornu və Makron da eyni uçurumun kənarındadır. Ordu və polis artıq tərəfsiz deyil. Ən böyük polis həmkarlar ittifaqı "Alliance" hələ 2024-də "Biz Makronun mühafizəçisi deyilik" bəyanatını vermişdi, polisin 62%-i islahatlara qarşıdır və sabah asayiş qüvvələri xalqı vurmaqdan imtina etdiyi an V Respublika tarixə qovuşacaq. Fransanın 3.3 trilyon avroluq borcu Yunanıstanın borcundan 10 dəfə çoxdur, Almaniyanın özü resessiyada olduğu üçün heç kim Fransanı xilas edə bilməz və avronun dollara qarşı 1.03 səviyyəsinə düşməsi fonunda Fransanın çökməsi birbaşa Avropa Birliyinin dağılması və avronun məhvi deməkdir.

Yeni dünya düzəni artıq birbaşa küçələrdən yazılır. 1945-də Yaltada, 1991-də Berlində yazılan nizam bu gün silkələnir, çünki dünyada eyni vaxtda 112 ölkədə kütləvi etirazlar baş qaldırıb; Nepalda baş nazirin qaçması, Mərakeşdə silkələnmələr və Fransanın laxlaması göstərir ki, tarix hər 30 ildən bir (1968, 1998, 2026) partlayan tsikllə irəliləyir. Nəticə etibarilə respublikalar keçicidir, millət isə daimidir. I, II, III və IV respublikalar getdi, fransız milləti qaldı; V Respublika da gedəcək və yerini millətçilərə verəcək. Ipsos-un 2027 proqnozlarında Le Pen, Bardella və Zemmour xəttinin toplam 44%-ə çatması bunu təsdiqləyir; 1958-də cəmi 2% olan sağ millətçilər indi Fransanın əsas sahibinə çevrilir. Eyni tendensiya Almaniyada AfD-nin 26%-ə çatması və İtaliyada Meloninin hakimiyyəti ilə bütün Avropanı ağuşuna alıb. Artıq Avropada yalnız Hitler çatmır fikri tamamilə köhnəlib — Hitler artıq gəlir; sadəcə bığsız, kostyumlu və TikTok platformasında kütlələri idarə edən yeni siması ilə.


Siyasi şərhçi Əziz Əlibəyli 

TodayPress TV 

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər