1300 illik Vikinq məzarı tapıldı - FOTO
Danimarkanın Varda şəhərində arxeoloqlar təxminən 1300 il əvvələ aid nadir Vikinq dövrü məzarı aşkar ediblər.
TodayPress TV xəbər verir ki, qəbirdə gənc qıza aid olduğu ehtimal edilən geyim parçaları da qeyri-adi şəkildə qorunub.
Tapıntı Skonager yaxınlığındakı qədim qəbiristanlıqda üzə çıxarılıb. Mütəxəssislərin sözlərinə görə, bu ərazidə 1988-ci ildən bəri ilk dəfə Vikinq dövrünə aid dəfn aşkar edilir.
Qəbirdən dəmir bıçaqlar, kəhrəba muncuqları və dəniz qabığı motivli iki broş tapılıb. Ən maraqlısı isə yun və kətan liflərinin broşların həm altında, həm də üstündə qorunmasıdır. Bu, alimlərə qızın geyimlərinin necə qatlandığını və hansı formada olduğunu müəyyənləşdirməyə imkan verə bilər.
Broşlardan birində qədim təmir izlərinin olması onun vaxtilə istifadə edildiyini və hətta nəsildən-nəslə ötürülmüş əşya ola biləcəyini göstərir.

Mütəxəssislər parçaların yaşını dəqiqləşdirmək üçün radiokarbon analizi aparacaq, həmçinin liflərdə boya izləri axtaracaqlar. Bu araşdırma Vikinq dövründə insanların hansı rənglərdən istifadə etdiyinə dair yeni məlumatlar verə bilər.

Alimlər hesab edir ki, tapıntı Qərbi Yutlandda yaşayan insanların geyim mədəniyyətini daha yaxşı anlamağa kömək edəcək. Oxşar broşların Staraya Ladoga və Gnezdovoda tapılması isə Skandinaviya ilə Qədim Rusiya arasındakı qədim əlaqələrə dair araşdırmalar üçün də əhəmiyyətli ola bilər.
Türkan İsgəndərli
TodayPress TV