Problemli kreditlər niyə artır? - AÇIQLAMA
Maliyyə
28.01.2026 14:42
Bu il vaxtı keçmiş kreditlərin məbləği 524,5 milyon manat olub. Bu göstərici ötən ilin dekabr ayı ilə müqayisədə 5,9 faiz azalıb, son bir il ərzində 16,8 faiz artıb.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan bank üzrə ekspert Əkrəm Həsənov bildirib ki, problemli kreditlərin artmasının əsas səbəbi əhalinin və biznes subyektlərinin maliyyə imkanlarının zəifləməsidir.

Onun sözlərinə görə, insanların gəlirləri azalır, xərcləri isə sürətlə artır və bu balanssızlıq kredit öhdəliklərinin icrasını çətinləşdirir:
"Ölkədə iqtisadi böhran əlamətləri qalmaqdadır və iqtisadiyyatda real inkişaf müşahidə olunmur. Bu vəziyyət həm muzdlu işçilərin, həm də sahibkarların gəlirlərinə birbaşa təsir edir. Paralel olaraq bazarda qiymət artımı davam edir ki, bu da əhalinin gündəlik xərclərini artırır və kredit ödənişlərini ikinci plana keçirir".
Ekspertin fikrincə, mövcud şəraitdə təkcə fiziki şəxslər deyil, biznes subyektləri də kreditlərini vaxtında və tam şəkildə qaytara bilmirlər. Bu isə problemli kreditlərin artmasına gətirib çıxarır:
"Kredit şərtləri, yüksək faiz dərəcələri, qısa müddətlər və sərt girov tələbləri vəziyyəti daha da ağırlaşdırır. Lakin əsas həlledici faktor yenə də gəlir-xərc balansının pozulmasıdır. Əgər mövcud iqtisadi tendensiyalar dəyişməzsə, problemli kreditlərin həcminin gələcək dövrdə daha da artması qaçılmazdır", - deyə Əkrəm Həsənov qeyd edib.
Türkan İsgəndərli
tag: Əkrəm Həsənov ,5 milyon ,Ölkə,Kredit,Problem,Todaypress.tv,
