Bir zənglə borca düşənlərin dərdinə çarə tapıldı - Daha aldanmayacaqsınız

Bir zənglə borca düşənlərin dərdinə çarə tapıldı - Daha aldanmayacaqsınız
29.06.2026 13:53 Maliyyə

Mərkəzi Bank məsafədən istehlak kreditlərinin verilməsi qaydalarında dəyişiklik edib. Yeni qaydalara əsasən, vətəndaşlar istədikləri halda məsafədən kredit rəsmiləşdirilməsinə könüllü qadağa qoya biləcəklər. Bundan başqa, onlayn rəsmiləşdirilən kreditlər üzrə vəsaitin köçürülməsi zamanı müəyyən gözləmə müddəti də tətbiq olunacaq. Məqsəd məsafədən kreditləşmə zamanı baş verən dələduzluq hallarının qarşısını almaq və vətəndaşların maliyyə təhlükəsizliyini gücləndirməkdir.

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov TodayPress TV-yə bildirib ki, Mərkəzi Bankın tətbiq etdiyi dəyişikliklər vaxtında atılmış və müsbət qiymətləndirilməli addımlardır.


“Bu dəyişiklikləri düzgün hesab edirəm və müsbət qarşılayıram. Son dövrlərdə məsafədən kredit rəsmiləşdirilməsi zamanı dələduzluq halları xeyli artıb. Təcrübədə tez-tez rastlaşırıq ki, vətəndaşlar bankla bağladıqları müqavilədə onlayn kredit imkanını nəzərdə tutan bəndə ciddi diqqət yetirmirlər. Daha sonra isə dələduzlar müxtəlif üsullarla onların məlumatlarını və təsdiq kodlarını əldə edərək adlarına kredit rəsmiləşdirirlər.

Belə hallarda vətəndaş təkcə pulunu itirmir, eyni zamanda xəbəri olmadan borclu olurlar. Əksər hallarda insanlar aldadılaraq kodlarını özləri təqdim edirlər. Bəzi vətəndaşlar isə bildirirlər ki, heç bir məlumat paylaşmayıblar, amma buna baxmayaraq adlarına kredit götürülüb. Belə hallar az olsa da, mövcuddur.

Yeni qaydalara əsasən, vətəndaşa məsafədən kredit xidmətindən könüllü şəkildə imtina etmək imkanı yaradılır. Xüsusilə maliyyə və hüquqi savadı zəif olan şəxslər bu seçimdən istifadə edərək özlərini əlavə risklərdən qoruya bilərlər. Eyni zamanda, onlayn kredit vəsaitinin köçürülməsi zamanı tətbiq olunacaq gözləmə müddəti də banklara əməliyyatın həqiqətən vətəndaşın iradəsi ilə həyata keçirildiyini yoxlamaq üçün əlavə vaxt qazandıracaq.

Hesab edirəm ki, bu dəyişikliklər vətəndaşların maliyyə təhlükəsizliyinin artırılmasına xidmət edəcək və dələduzluq yolu ilə rəsmiləşdirilən kreditlərin sayının azalmasına müsbət təsir göstərəcək”, – deyə ekspert qeyd edib.

Xanım Musayeva

FOTOLAR

Bir zənglə borca düşənlərin dərdinə çarə tapıldı - Daha aldanmayacaqsınız — 1
XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər