Azərbaycan sürətləndirici investisiya zonaları yaradıb

Maliyyə

26.01.2026 16:20

“Azərbaycan bazarlara çıxış üçün tələb olunan vaxtı azaltmaq məqsədilə biznes üçün investisiyaya hazır platformalar formalaşdırıb. Bu çərçivədə ölkənin strateji coğrafi mövqeyinə əsaslanaraq sənaye zonaları və Ələt Azad İqtisadi Zonası (AFEZ) daxil olmaqla geniş iqtisadi zonalar şəbəkəsi yaradılıb”.  

TodayPress TV xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan–İsrail Biznes Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən AFEZ ixrac yönümlü istehsal üçün rəqabət qabiliyyətli rejim təklif edir. Buraya əsas stimullar, eləcə də əldə olunan gəlirlərin sərbəst şəkildə ölkədən çıxarılması imkanı daxildir.

Qeyd olunub ki, sənaye zonalarında investorlar üçün uzunmüddətli vergi güzəştləri və tam təmin olunmuş infrastruktur mövcuddur. Bu imkanlar biznes subyektlərinə fəaliyyətlərini səmərəli şəkildə genişləndirməyə şərait yaradır.

“Hazırda İsrail şirkətləri Azərbaycanın investisiya mərkəzləri və iqtisadi zonaları çərçivəsində fəaliyyət göstərir. Bununla yanaşı, bu sahədə istifadə olunmamış ciddi potensialın mövcud olduğu vurğulanır. Həm əməkdaşlığın miqyasının genişləndirilməsi, həm də Azərbaycanın investisiya zonalarında fəaliyyət göstərən İsrail şirkətlərinin sayının artırılması üçün real imkanlar mövcuddur. Mövcud infrastruktur və güzəşt mexanizmləri bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinə əlverişli şərait yaradır”.

Qiymət Mahir

TodayPress TV

tag: Azərbaycan,İnvestisiya,AFEZ,İqtisadi,Todaypress.tv,