Avropa İttifaqı kisəni açdı - 200 milyon avro nəyə verildi? - AÇIQLAMA
Avropa İttifaqının “Qlobal Şəbəkə” proqramı çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracağı açıqlanıb. Bildirilib ki, bu vəsait hesabına dövlət və özəl sektor tərəfindən ümumilikdə 2 milyard avroyadək investisiyanın cəlb edilməsi planlaşdırılır. Prioritet layihələr sırasında Naxçıvan üzərindən dəmir yolu bağlantısının yaradılması və Bakı limanının inkişafı da yer alır.
Bu təşəbbüsün Azərbaycan iqtisadiyyatı və tranzit potensialı üçün yaradacağı imkanlarla bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Avropa İttifaqının dəstəyi ölkənin nəqliyyat-logistika sahəsinin inkişafına və regional əməkdaşlığın daha da güclənməsinə əlavə töhfə verəcək:

“Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq istiqamətlərindən biri də məhz nəqliyyat və logistika sahəsidir. “Qlobal Şəbəkə” investisiya proqramı çərçivəsində Avropa İttifaqı Cənubi Qafqazın nəqliyyat infrastrukturuna sərmayə yatırır və bununla bağlı Brüsseldə artıq qərar qəbul edilib.
Bütövlükdə, yalnız Avropa İttifaqı və ya dövlət sektoru deyil, eyni zamanda özəl sektor tərəfindən də bu istiqamətə daha çox vəsaitin, sərmayənin cəlb edilməsi nəzərdə tutulur.
Nəzərə alsaq ki, son illər Azərbaycan üzərindən daşınan yüklərin həcmində artım qeydə alınıb, bu, ölkəmizin geosiyasi mövqeyinin daha da güclənməsinə gətirib çıxarmaqla yanaşı, dövlət gəlirlərinin artmasına da xidmət edib. Çünki beynəlxalq yükdaşımalar dövlət büdcəsinin qeyri-neft sektorundan daxilolmalarına birbaşa təsir göstərir. Bu da ölkəyə valyuta daxilolmalarının artmasına imkan yaradır. Eyni zamanda, Azərbaycanın regional məsələlərdə rolunun daha da güclənməsi anlamına gəlir”.
Həmçinin “Artıq qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə regionda formalaşan yeni düzən praktik olaraq region ölkələri, qonşular və eləcə də aparıcı beynəlxalq ittifaqlarla əməkdaşlığın güclənməsinə xidmət edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin mətbuata bəyanatlarında da qeyd olunduğu kimi, xüsusilə regionda sülhün dəstəklənməsi və dayanıqlı sülhün əldə edilməsi vacib istiqamətlərdəndir.
Azərbaycan bu istiqamətdə səylərini davam etdirir. Yalnız nəqliyyat-logistika sahəsində deyil, digər istiqamətlərdə də, o cümlədən Ermənistana yanacağın nəqlinin həyata keçirilməsi, Azərbaycandan Ermənistana daşınan yüklərlə bağlı məhdudiyyətlərin tam aradan qaldırılması ölkəmizin həm sülh gündəliyinə sadiqliyini, həm də regionda əməkdaşlığa töhfəsini nümayiş etdirir”, - deyə, deputat bildirib.
Kübra Musayeva