Bu şəxslərin elektrik xərcinin yarısını dövlət ödəyəcək
2027-2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısı dövlət tərəfindən ödəniləcək.
TodayPress TV xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, sahibkarlığa dövlət dəstəyi hər zaman iqtisadi siyasətin əsas prioritetlərindən biri olub.
“İqtisadi siyasətin prioritetləri müəyyənləşdirilərkən özəl sektorun iqtisadi artımın, innovasiyaların və məşğulluğun aparıcı qüvvəsi olması daim diqqət mərkəzində saxlanılıb”, - deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, özəl sektorun inkişafı istiqamətində görülən işlər yeni müəssisələrin yaradılmasında, məşğulluğun artmasında, innovasiyaların tətbiqində, istehsalın və ixracın genişlənməsində müsbət nəticələrini göstərib.