"Apple"ın qatlanan "iPhone"u ən rahat təmir olunan model ola bilər
İqtisadiyyat
07.05.2026 19:30
"Apple"ın hazırladığı qatlanan "iPhone" modelinin bazarda ən asan sökülən və təmir olunan qatlanan smartfon olacağı iddia edilir.
TodayPress TV xəbər verir ki, bu barədə "MacRumors" insayder "Instant Digital"a istinadən məlumat yayıb.
Məlumata görə, “iPhone Ultra” adı ilə təqdim oluna biləcəyi deyilən cihazın daxili quruluşu “mühəndislik baxımından ciddi məntiq” əsasında hazırlanıb və komponentlər yüksək modul sistemlə yerləşdirilib.
İddia olunur ki, "Apple" rəqib qatlanan telefonlarda geniş istifadə olunan mürəkkəb şleyf kabellərindən imtina edib. Bu isə cihazın sökülməsi və təmirini xeyli asanlaşdıracaq.
Bildirilir ki, smartfonun ana platası korpusun sağ hissəsində yerləşəcək. Buna görə də səs tənzimləmə düymələri yuxarı hissəyə köçürülüb ki, qatlanan ekranın içindən kabel keçirilməsinə ehtiyac qalmasın.
Məlumata əsasən, cihazın daxili məkanının böyük hissəsi ekran və batareya üçün ayrılıb. Batareyanın isə indiyə qədərki ən böyük "iPhone" batareyası ola biləcəyi qeyd edilir.
İnsayder daha əvvəl cihazın "iPhone Air" üslubunda kamera bloku, tək ön kamera çıxıntısı, "Touch ID" sistemi və sağ tərəfdə yerləşən "Camera Control" funksiyası alacağını da bildirmişdi.
Qiymət Mahir
tag: Apple,iPhone,Digital,iPhone Ultra,TodayPress TV,
