Dövlət saytlarına hücumların arxasında kimlər dayanır?

Dövlət saytlarına hücumların arxasında kimlər dayanır?
14.10.2026 12:38 İKT

Oktyabrın 13-də gecə saatlarında Azərbaycanın dövlət informasiya infrastrukturuna qarşı miqyaslı kiberhücum həyata keçirilib. Ölkənin 100-dən artıq dövlət domeni hədəfə alınıb, bir sıra nazirliklərin və dövlət qurumlarının rəsmi saytlarının fəaliyyətində fasilələr yaranıb.

Mövzu ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dərhal açıqlama yayaraq hücumun xarici haker qruplaşması tərəfindən törədildiyini və operativ tədbirlərlə qarşısının alındığını bildirib.

TodayPress TV xəbər verir ki, məsələ ilə bağlı İKT eksperti Osman Gündüz bildirib ki, baş verənlər kütləvi DDoS hücumlarının xüsusiyyətlərini daşıyır və sosial şəbəkələrdə müxtəlif iddialar səslənir:

"Oktyabrın 13-də gecə saatlarında dövlət informasiya infrastrukturuna genişmiqyaslı kiberhücum həyata keçirilib. 100-dən artıq dövlət domeni hədəfə alınıb, xeyli sayda dövlət qurumunun, o cümlədən bir sıra nazirliklərin rəsmi saytlarının fəaliyyətində fasilələr yaranıb. XRİTDX dərhal açıqlama verib. Açıqlamaya görə, hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilib. Görülən operativ tədbirlər nəticəsində hücumun təsirləri qısa müddətdə məhdudlaşdırılıb və saytların fəaliyyəti bərpa olunub".

Ekspert hücumun arxasında dayanan qruplar haqqında yayılan məlumatlara da diqqət çəkib:

"Nə baş verib? İlkin əlamətlər hadisənin kütləvi DDoS hücumu olduğunu göstərir. Belə hücumlar zamanı serverlərə həddindən artıq sorğu göndərilir və nəticədə saytlar istifadəçilər üçün əlçatmaz olur.

Artıq sosial şəbəkələrdə hücumun 313 Team, Cypher və Litterbox adlı qruplaşmalar tərəfindən həyata keçirildiyi iddia olunur. Sosial mediada bəzi paylaşımlarda hücumun Türkiyədən həyata keçirildiyi iddia olunur. Amma 313 Team açıq mənbələrdə İraqla əlaqələndirilən, İranmeyilli haker qruplaşma kimi tanınır. Hələlik hücumun konkret olaraq haradan olduğu təsdiqlənməyib".

Mütəxəssis son illər görülən işləri yüksək qiymətləndirsə də, belə miqyaslı hücumlar qarşısında boşluqların olduğunu vurğulayıb:

"Son illərdə Azərbaycanda dövlət informasiya sistemlərinin, xüsusilə kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyinin gücləndirilməsi istiqamətində xeyli iş görülüb. Bununla belə, görünür, görülən tədbirlər belə genişmiqyaslı hücumlar zamanı bütün dövlət saytlarının fasiləsiz fəaliyyətini təmin etmək üçün hələ kifayət etmir".

Sonda Osman Gündüz aidiyyəti qurumlara və kiber təhlükəsizlik mexanizmlərinin gücləndirilməsinə dair tövsiyələrini səsləndirib:

"Fikrimcə, XRİTDX bu hadisə ilə bağlı daha ətraflı araşdırma və hesabat hazırlamalıdır. Hücumun mənbələri, xarakteri, təsirə məruz qalan saytların sayı və mövcud müdafiə sistemlərinin niyə tam dayanıqlıq təmin edə bilmədiyi aydınlaşdırılmalıdır. Eyni zamanda, dövlət qurumlarının kiber müdafiəsi, ehtiyat infrastrukturu, bərpa mexanizmlərinin daha da təkmilləşdirilməsi istiqamətində işlər gücləndirilməlidir. Baş verənlər aidiyyəti dövlət qurumlarının kibertəhlükəsizlik və rəqəmsal dayanıqlılıq məsələlərinə daha da məsuliyyətlə yanaşmasını tələb edir".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər