Din və süni intellekt üz-üzə: Yeni dövrün “ruhani”si kim olacaq?

Din və süni intellekt üz-üzə: Yeni dövrün “ruhani”si kim olacaq?
17.09.2026 14:38 İKT

Müasir dövrdə texnologiyanın sürətli inkişafı insan həyatının bütün sahələrinə, o cümlədən əsrlər boyu dəyişməz qalan mənəvi və dini dəyərlər sisteminə də dərindən nüfuz edir. Bəşəriyyətin min illərdir "Mən kiməm?", "Niyə yaşayıram?", "Yaxşı ilə pisi necə ayırmaq olar?" kimi mənəvi suallara cavab axtardığı bir zamanda, ruhani sinfinin yanına yeni və fərqli bir iştirakçı – Süni İntellekt (Sİ) qoşulur. Bu proses sadəcə dini mətnlərin hazırlanması ilə məhdudlaşmır, dindar ilə ruhani arasındakı ənənəvi münasibətləri də kökündən dəyişir.

TodayPress TV xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili süni intellekt və din münasibətlərinin gələcəyi, ortaya çıxan teoloji və texnoloji paradokslar haqqında təhlil təqdim edib.

Deputat bildirib ki, Sİ-nin dini mühitə daxil olması əvvəlki texnoloji inqilablardan köklü şəkildə fərqlənir:

"Əslində texnologiya ilə dinin qarşılaşması yeni bir hadisə deyil. Kitab çapı müqəddəs mətnlərin yayılmasını kökündən dəyişdi, radio və televiziya dini moizələri evlərə gətirdi, internet isə coğrafi sərhədləri aradan qaldırdı. Lakin süni intellekt bunlardan fərqlənir. Kitab sizə cavab vermir, televiziya probleminizi dinləmir. Süni İntellekt isə sizinlə dialoq qurur: "Səhv etmişəm, nə etməliyəm?", "Bu davranış günahdırmı?" kimi çox şəxsi suallar artıq maşına ünvanlanır. Bunun mənəvi nəticəsi texnoloji nəticəsindən daha böyükdür. Çünki tarixdə ilk dəfə olaraq insan olmayan bir sistem milyonlarla insanın əxlaqi və mənəvi qərar prosesində iştirak etməyə başlayır".

Parlamentari dünyada və İslam aləmində süni intellektə olan müxtəlif yanaşmalara diqqət çəkərək Misirin nüfuzlu Dar al-Ifta qurumunun qərarlarını nümunə göstərib:

"Hindistanda "GitaGPT", Katolik dünyasında isə minlərlə rəsmi sənədi əhatə edən "Magisterium AI" kimi sistemlər fəaliyyət gösterir. İslam dünyasındakı yanaşma isə xüsusilə maraqlıdır. Misirin Dar al-Ifta qurumu 2026-cı ilin yanvarında iki mühüm mövqe açıqlayıb. AI-nin elektron Quran nüsxələri və süni qiraətlərin hazırlanmasında köməkçi vasitə kimi istifadəsini mütəxəssis yoxlaması şərtilə mümkün hesab etsə də, Quran təfsirinin bütövlükdə "ChatGPT" və oxşar sistemlərə həvalə edilməsini qəbul etməyib. Bu yanaşma gələcəyin modelini gösterir: Sİ dini biliyə çatma vasitəsi ola bilər, amma dini avtoritetin özü olmamalıdır".

Millət vəkili vurğulayıb ki, gələcəkdə ideoloji və dini mübarizə məhz məlumat bazaları və alqoritmlər üzərində gedəcək:

"Gələcəkdə dini təşkilatlar yalnız insanların nəyə inanması ilə deyil, süni intellektin din haqqında nə öyrənməsi ilə də maraqlanmalı olacaqlar. Çünki milyardlarla insan dünyanı Sİ vasitəsilə öyrənəcəksə, hansı məlumatların modellərə daxil olması strateji əhəmiyyət daşıyacaq. XXI əsrdə dini təsir uğrunda mübarizənin bir hissəsi məscid və kilsələrin daxilində deyil, data şəbəkələrində və alqoritmlərdə gedə bilər. Ən böyük təhlükə isə Süni İntellektin fərqinə varmadan yeni növ avtoritetə və dinə çevrilməsidir".

Sİ-nin insan duyğularını və mənəviyyatını tam əvəz edə bilməyəcəyini qeyd edən Tahir Mirkişili sözlərini belə yekunlaşdırıb:

"Sİ çox ağıllı ola bilər. Ancaq məsuliyyət hiss edə bilərmi? Peşman ola, mərhəmət göstərə, iman edə və ya ölümdən qorxa bilərmi? Süni intellekt dini mətnləri çox yaxşı öyrənə bilər, amma inanmaq ilə iman haqqında məlumat sahibi olmaq eyni şey deyil. Sİ sizə yüzlərlə dini mənbə göstərə bilər, amma yakınını itirmiş insanın yanında oturub susmağın nə demək olduğunu bilmir. Süni intellekt din xadimini tam əvəz etməyəcək, lakin onun rolunu dəyişəcək", - deyə o qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər