Zədələr “İndiana”nı çökdürdü: 6 basketbolçu ilə rekord!
“İndiana Peysers” NBA-in müntəzəm çempionatında “Atlanta Hoks”la qarşılaşmada qeyri-adi statistik göstəriciyə imza atıb.
TodayPress TV xəbər verir ki, bu barədə ESPN statistikaçısı Mett Uilyams məlumat yayıb.
Bildirilib ki, komanda görüşü cəmi 6 basketbolçunun iştirakı ilə keçirib. Bu, 1948-ci ildə “Minneapolis Leykers”in oxşar hadisəsindən sonra müntəzəm çempionatın başlanğıcından etibarən rotasiyanın bu qədər erkən məhdudlaşdırıldığı ən diqqətçəkən haldır.
Qeyri-adi vəziyyətin yaranmasına çoxsaylı zədələr və bəzi basketbolçuların məcburi istirahəti səbəb olub. Ümumilikdə “Peysers”in 11 oyunçusu matçı buraxıb. Onların arasında Tayris Haliburton, Paskal Siakam, Endryu Nembard, Aaron Naysmit və İvitsa Zubaç da olub. Görüşə az qalmış Kelli Ubre də dizinin əzilməsi səbəbindən heyətdən çıxarılıb.
Baş məşqçi Rik Karlaylın sərəncamında start beşliyinin beş üzvü və yeganə ehtiyat oyunçu Kobi Braun qalıb.
Maraqlıdır ki, matçı buraxan basketbolçuların ümumi əməkhaqqı təxminən 193 milyon dollar təşkil edir. Qarşılaşmada iştirak edən 6 oyunçunun ümumi maaşı isə təqribən 15 milyon dollardır.
Kadr problemlərinə baxmayaraq, “İndiana” qələbəyə çox yaxın olub. Cey Haf 22, Kuenton Cekson 20 xal toplayıb. Breyden Smit isə 19 xal və 10 məhsuldar ötürmə ilə “dabl-dabl” edib.
“Peysers”in meydana çıxan altı basketbolçusunun hamısı oyunu ikirəqəmli xal göstəricisi ilə başa vurub.
Matçın bitməsinə 1 dəqiqə 30 saniyə qalmış meydan sahibləri xal fərqini 2-yə endirsələr də, görüşü xilas edə bilməyiblər. Bu məğlubiyyət “İndiana” üçün ardıcıl beşinci olub.
Görüş “İndiana”nın 104:108 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, komanda sonuncu dəfə bir oyunda cəmi 6 basketbolçudan 2004-cü ildə istifadə edib.
Namiq HUN