9 oyunluq böhran “MY” rəhbərliyini Emeriyə yönəltdi!
“Mançester Yunayted” rəhbərliyinin nüfuzlu nümayəndələri gələcəkdə komandanın baş məşqçisi postunda Unai Emerini görmək istəyirlər.
TodayPress TV xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano özünün “YouTube” kanalındakı podkastında məlumat verib.
Bildirilib ki, “Mançester Yunayted”də ispaniyalı mütəxəssisə yalnız potensial baş məşqçi kimi deyil, həm də klubun uzunmüddətli inkişafında mühüm rol oynaya biləcək şəxs kimi baxırlar.
Lakin Emerinin yaxın vaxtlarda Mançesterə gəlməsi real görünmür. “Aston Villa” 54 yaşlı çalışdırıcı ilə yollarını ayırmaq niyyətində deyil və onu klubun layihəsinin əsas fiqurlarından biri hesab edir. Futbol əməliyyatları üzrə prezident Roberto Olabe və idman əməliyyatları direktoru Damian Vidagani də ispaniyalı mütəxəssisin komandadakı rolunu yüksək qiymətləndirirlər.
Məlumata görə, Emerinin Birmingem təmsilçisindəki təsiri komanda ilə məşq prosesi ilə məhdudlaşmır. O, transfer müzakirələrində və mühüm idman qərarlarının qəbulunda da iştirak edir. Mütəxəssisin “Aston Villa” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, noyabrın 1-də Emerinin Birmingem klubunun baş məşqçisi vəzifəsinə təyin olunmasından dörd il ötüb.
Namiq HUN