DİQQƏT: İrana nüvə zərbəsi...- Xalqa təcili xəbərdarlıq edildi
İranın dövlət televiziyası və xəbər agentlikləri nüvə zərbəsi baş verəcəyi təqdirdə əhalinin necə davranmalı olduğunu izah edən videoçarx yayımlayır.
TodayPress TV xəbər verir ki, yayımlanan videoda nüvə partlayışı zamanı və ondan sonrakı mərhələdə insanların həyatını qorumaq üçün bir sıra təlimatlar təqdim olunur.
Vətəndaşlara partlayışın güclü işığına birbaşa baxmamaq, açıq ərazidə olduqları halda dərhal binaya daxil olmaq mümkün deyilsə, hər hansı maneənin arxasında gizlənərək yerə uzanmaq, baş və üz nahiyəsini qorumaq tövsiyə edilir.
Zərbə dalğası keçdikdən sonra ən yaxın binaya daxil olmaq, hadisəni izləmək və ya fotoşəkil çəkmək üçün açıq ərazidə qalmamaq, avtomobildə sığınacaq axtarmamaq tapşırılır. Binaya daxil olduqdan sonra zirzəmiyə və ya pəncərələrdən, xarici divarlardan uzaq, mərkəzi hissəyə keçmək, qapı-pəncərələri bağlamaq, çöldən hava çəkən kondisioner və havalandırma sistemlərini söndürmək tövsiyə olunur.
Videoda radioaktiv çirklənmə təhlükəsinə qarşı görüləcək tədbirlər də yer alıb. Açıq havada olmuş şəxslərə üst geyimlərini silkələmədən çıxarmaq, bağlı torbaya qoyaraq insanlardan uzaq saxlamaq, daha sonra ilıq su və sabunla yuyunmaq tövsiyə edilir. Kondisioner və havalandırma sistemlərinin söndürülməsi ilə yanaşı, saçları adi şampunla yumaq, saç kremindən istifadə etməmək də xüsusi vurğulanır.
Bundan başqa, əhaliyə qablaşdırılmış ərzaq və butulkada su istifadə etmək, sığınacaqda ən azı 24 saat qalmağa hazır olmaq tapşırılır. Bununla belə, 24 saat keçdikdən sonra ərazinin avtomatik olaraq təhlükəsiz hesab edilməməsi, sığınacağı yalnız rəsmi qurumların açıqlamalarından sonra tərk etmək tövsiyə olunur.
Təlimatlarda binada yanğın baş verərsə və ya onun dağılma təhlükəsi yaranarsa, daha təhlükəsiz sığınacağa keçmək, ailə üzvləri ilə bu qaydaları əvvəlcədən müzakirə etmək də qeyd olunur.
Jalə Rövşən