Avropada "soyuq müharibə" kiberfəzada: 17 şirkətin dondurucuları hədəf alındı
Niderlandda azı 17 şirkətin soyuducu və dondurucu sistemləri kiberhücuma məruz qalıb, nəticədə avadanlıqların temperatur parametrləri dəyişdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə "NOS" telekanalı "Danfoss" avadanlıq təchizatçısının nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, dondurucularda mənfi 20 dərəcə temperatur saxlanılmalı olduğu halda, sistemlərin mənfi 10 dərəcəyə kökləndiyi aşkarlanıb. Şirkət nümayəndəsi problemin qısa müddətdə aradan qaldırıldığını bildirib.
Hücumdan zərər çəkən müəssisələr arasında ət mağazaları və kiçik ticarət obyektləri də var. Bildirilib ki, Niderlandın iri supermarket şəbəkələri hücumdan təsirlənməyib.
"Danfoss" nümayəndəsi xatırladıb ki, bir neçə həftə əvvəl Fransada da oxşar hücumlar baş verib. Həmin vaxt bir sıra supermarketlərdə şirkətə məxsus soyuducu sistemlər əridilmə rejiminə keçirilib və nəticədə temperatur tədricən yüksəlib.
Bu hadisələrdən sonra Danfoss Niderlanddakı müştərilərinə avadanlıqları internetə yalnız qorunan şəbəkə vasitəsilə qoşmağı tövsiyə edib.
Aysel Mətləb