"Xetafe" məğlub oldu, amma qapıçısı İspaniya tarixinə düşdü!
"Xetafe"nin qapıçısı David Soriya İspaniya çempionatında əsas heyətdə ardıcıl oyuna çıxma üzrə yeni rekorda imza atıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
La Liqanın III turunda "Xetafe" səfərdə "Osasuna"ya 0:1 hesabı ilə məğlub olub. 33 yaşlı qolkiper üçün bu qarşılaşma ölkə çempionatında ardıcıl 193-cü oyun olub. Bu göstərici ilə o, "Real Sosyedad"ın keçmiş yarımmüdafiəçisi Xuan Antonio Larranyaqanın rekordunu (192 oyun) geridə qoyub.
Qeyd edək ki, Larranyaqa karyerası ərzində yalnız bir klubda — "Real Sosyedad"da (1980–1994) çıxış edib.
David Soriyanın bu seriyası 2021-ci il avqustun 13-də başlayıb və həmin vaxtdan bəri təcrübəli futbolçu çempionatda heç bir oyunu buraxmayıb.
Madrid "Real"ının yetirməsi olan David 2018-ci ildən "Xetafe"nin şərəfini qoruyur. O, komandanın heyətində ümumilikdə 306 matça çıxıb və bunlardan 101-də qapısını toxunulmaz saxlayıb.
Namiq HUN