Şimali Amerikanın ən böyük şəhəri üçün tarixi şans!
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) komissarı Adam Silver liqanın genişləndirilməsi ilə bağlı müzakirələr zamanı gələcəkdə Meksikanın paytaxtı Mexikoda komandanın peyda ola biləcəyini istisna etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “The Pat McAfee Show” YouTube kanalında danışıb.
“Şimali Amerikanın ən böyük şəhəri. Nəhəng basketbol bazası var. Nyu-Yorkdan Mexikoya uçuş Nyu-Yorkdan Los-Ancelesə uçuşdan daha qısadır. Bunun bizim liqada necə işləyə biləcəyini təsəvvür etmək olar”, – deyə Silver bildirib.
O, Mexikoda yeni arenanın tikintisinin yaxın planlara daxil olmadığını, lakin perspektivdə orada real potensialın mövcud olduğunu qeyd edib.
Xatırladaq ki, hazırda NBA-da 30 komanda mübarizə aparır. Onlardan 29-u ABŞ-da, yalnız biri, “Toronto Raptors” Kanadada təmsil olunur.
Namiq HUN