Əvvəl ixracatçı idi, indi alıcı: Qətər və ABŞ arasında qaz müqaviləsi
ABŞ-nin ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) istehsalçısı və ixracatçısı olan "Cheniere Energy" şirkəti 2054-cü ilə qədər Qətərə hər il 4 milyon ton ABŞ istehsalı olan LNG tədarükü barədə "QatarEnergy" şirkəti ilə müqavilə bağlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.
Qətər ABŞ və Avstraliyadan sonra dünyanın üçüncü ən böyük LNG ixracatçısıdır. Ölkənin LNG istehsal gücü ildə 77 milyon ton təşkil edir. Lakin 2026-cı ilin mart ayının əvvəlində İranın hava zərbələri səbəbindən Qətər mayeləşdirilmiş qaz istehsalını dayandırıb və LNG ixracından əldə etdiyi gəlirlərin təxminən 17 faizini itirib.
Qətərin dövlət neft-qaz şirkəti "QatarEnergy" isə tədarüklə bağlı fors-major elan edib. "TASS"ın enerji bazarındakı mənbəsi qeyd edib ki, Fars körfəzindəki böhran fonunda Qətər LNG istehsal gücünü 142 milyon tona çatdırmaq planlarını beş il – 2035-ci ilə qədər təxirə sala bilər.
“Cheniere Energy" bu gün elan edib ki, onun törəmə şirkətləri "Sabine Pass Liquefaction" və "Corpus Christi Liquefaction" "QatarEnergy" ilə 2054-cü ilə qədər ildə ümumilikdə 4 milyon ton LNG tədarükünü nəzərdə tutan uzunmüddətli alqı-satqı müqavilələri bağlayıblar”, – deyə şirkətin məlumatında vurğulanıb və əlavə edilib ki, tədarüklər 2030-cu illərin əvvəlində başlayacaq.
Məlumatda qeyd olunur ki, "QatarEnergy" "Cheniere" şirkətinin hər iki törəmə şirkətindən ildə 2 milyon ton LNG almağa razılaşıb. Tədarük FOB (gəmidə təhvil) şərtləri ilə, "Henry Hub" qiymətinə indeksləşdirilmiş alış qiyməti və sabit əlavə ödəniş əsasında həyata keçiriləcək.
“Dünyanın ən böyük enerji şirkətlərindən biri və qlobal LNG sənayesinin təməl daşlarından olan "QatarEnergy" ilə bağlanmış bu mühüm, çoxillik müqavilələr uzunmüddətli ciddi kommersiya öhdəliyini ifadə edir və "Cheniere" şirkətinin ABŞ-nin LNG sektorunda lider mövqeyini möhkəmləndirir”, – deyə "Cheniere" şirkətinin rəhbəri Cek Fasko bildirib.
Aysel Mətləb