Rossi və Ferstappen eyni trasda? Əfsanə bu anı səbirsizliklə gözləyir!
İdman
15.04.2026 14:40
“MotoGP” əfsanəsi Valentino Rossi GT yarışlarında “Formula-1” pilotu Maks Ferstappen ilə eyni trasda çıxış etməyə ümid etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Sky Sport Italy”nin yayımında danışıb.
Rossi, niderlandlı pilotun digər yarış kateqoriyalarında iştirak qərarını müsbət qiymətləndirib və yaxın vaxtlarda onunla birlikdə yarışmaq istədiyini gizlətməyib:
“Qapını bir az açdım, zəmin hazırladım. Onun belə maşın sürməsini izləmək böyük zövqdür. Ümid edirəm ki, tezliklə eyni trasda olub bir neçə dövrə birlikdə keçə bilərik”, – deyə italiyalı əfsanə qeyd edib.
“GT World Challenge Europe” seriyasında artıq bir neçə ildir çıxış edən Rossi GT yarışlarının xüsusiyyətlərinə də toxunub. Onun sözlərinə görə, bu kateqoriya sürətlə inkişaf edir və burada avtomobillər həm sürətli, həm də idarəetmə baxımından çətin olduğu üçün əsl avtoidman hissini yaşamaq mümkündür.
Qeyd edək ki, Ferstappenin komandası ötən həftəsonu Fransadakı “Circuit Paul Ricard” trasında mövsümün açılış mərhələsində iştirak edib.
Namiq HUN
tag: Valentino Rossi,Maks Ferstappen,Formula-1,MotoGP,Todaypress.tv,
