Rodrinin qərarı transfer bazarını silkələdi
İspaniya millisinin və İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Rodrinin agenti Pablo Barkero futbolçunun Madrid “Real”ına deyil, “Barselona”ya keçidi seçdiyini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə “El Larguero” nəşri məlumat yayıb.
Agentin sözlərinə görə, Rodri qərarını böyük hörmət əlaməti olaraq əvvəlcədən “kral klubu”nun rəhbərliyinə çatdırıb.
"Real" klubu danışıqlar zamanı özünü nümunəvi apardı. Məhz buna görə Rodri onlara "Barselona"nı seçdiyini şəxsən bildirdi", – deyə Barkero açıqlamasında bildirib.
Bundan əvvəl Cadena Ser Rodrinin “Barselona”ya keçidə razılıq verdiyini yazmışdı. Daha sonra jurnalist Serxio Valentin transferin baş tutmayan “Real” variantının təfərrüatlarını açıqlamışdı.
Qeyd edək ki, Rodri 2019-cu ildən “Mançester Siti”nin formasını geyinir. O, İngiltərə klubuna Madrid “Atletiko”sundan 70 milyon avro qarşılığında transfer olunub. Yarımmüdafiəçinin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Namiq HUN