Dünya çempionatında üç idmançımız üçün erkən sonluq
Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, millimizin ikinci yarış günündə tatamiyə çıxan hər üç üzvü mübarizəni erkən başa vurub.
Mehdi Abbasov (81 kq) 1/8 final mərhələsində rusiyalı Yaroslav Bunakova məğlub olub. Eyni çəki dərəcəsində çıxış edən Cəsur İbadlı isə 1/16 finalda Tacikistan təmsilçisi Amincon Abducalilzodaya uduzub.
63 kq çəki dərəcəsində mübarizə aparan Hanna Zaytseva da 1/8 finalda Fransa idmançısı Manon Agati-Aluaşa məğlub olaraq mundialla vidalaşıb.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının ilk yarış gününü bir bürünc medalla başa vurub. Məhəmməd Musayev (66 kq) üçüncü yeri tutaraq fəxri kürsüyə yüksəlib. Xədicə Qədəşova (57 kq) isə yarışı beşinci pillədə tamamlayıb.
Namiq HUN