Finalda əsl döyüş: Millimiz çempionluq kubokunu qazandı!

Finalda əsl döyüş: Millimiz çempionluq kubokunu qazandı!
20.11.2026 13:24 İdman

Azərbaycanın U17 yunan-Roma güləşi üzrə millisi Gürcüstanda keçirilən beynəlxalq turnirin qalibi olub.

TodayPress TV xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və Ermənistandan 10 komanda mübarizə aparıb.

Böyük məşqçi Rafiq Hüseynov və məşqçi Müşviq Məmmədovun rəhbərlik etdiyi komandamızın heyətində Məhəmməd Mudalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı və Pünhan Şahmarov (hər ikisi 51 kq), Ömər Salmanov və Hüseyn Mustafazadə (hər ikisi 55 kq), Abdurahman Hüseynli və Qurban Məcnunov (hər ikisi 60 kq), Elmir Çərkəzov (65 kq), Əli Məmmədov (71 kq), İsfahan Həsənov və Zəka Yusubov (hər ikisi 80 kq), Zöhrab Səfərov və Ruslan Nuriyev (hər ikisi 92 kq), eləcə də Məhəmməd Orucov (110 kq) yer alıblar.

Turnirdə ümumilikdə beş qarşılaşmaya çıxan yığmamız bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Azərbaycan komandası ardıcıl olaraq Ermənistanın Gümrü və İrəvan, həmçinin Gürcüstanın Batumi şəhərinin komandalarını məğlub edib. Yarımfinalda isə ev sahibi ölkənin yığmasından üstün olub.

Finalda Acarıstan komandası ilə qarşılaşan millimiz gərgin mübarizədən qalib ayrılıb. Görüşün ümumi hesabı 5:5 olsa da, təmiz qələbələrin sayına görə üstün olan komandamız çempionluq kubokuna sahib çıxıb.


Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər