Qalmaqallı NBA çempionu yenidən dəmir barmaqlıqlar arxasında

Qalmaqallı NBA çempionu yenidən dəmir barmaqlıqlar arxasında
27.07.2026 10:18 İdman

Keçmiş NBA oyunçusu və 2001-ci il çempionu Ayzeya Rayder ABŞ-nin Arizona ştatında yenidən həbs olunub.

TodayPress TV xəbər verir ki, TMZ nəşrinin məlumatına görə, 55 yaşlı sabiq basketbolçu məhkəmə qərarını yerinə yetirmədiyi üçün saxlanılıb.

Mənbənin bildirdiyinə görə, Rayder son 37 il ərzində 30-dan çox həbs edilib. Onun ilk saxlanılması 1989-cu ildə kollecdə oxuyarkən oğurluq və fiziki zorakılıq ittihamları ilə baş tutub. Sonrakı illərdə də müxtəlif insidentlərə görə dəfələrlə hüquq-mühafizə orqanları ilə problemi olub.

Rayder NBA-dakı debüt mövsümündə də hücum ittihamı ilə 30 sutka həbs, ictimai işlər və qəzəbin idarə olunması kurslarına məhkum edilib.

Karyerası ərzində təxminən 30 milyon dollar qazanan sabiq basketbolçu doqquz mövsümdə “Minnesota Timbervulvz”, “Portlend Treyl Bleyzers”, “Atlanta Hoks”, “Los-Anceles Leykers” və “Denver Naqqets” klublarında çıxış edib.

Rayder 2001-ci ildə “Los-Anceles Leykers” ilə NBA çempionu olsa da, pley-off heyətinə daxil edilməyib. Buna baxmayaraq, liqanın qaydalarına əsasən komandanın üzvü kimi çempionluq üzüyünə sahib çıxıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər