“Prezident Kuboku 2026” reqatasının proqramı açıqlandı
İdman
16.04.2026 14:54
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası keçiriləcək.
TodayPress TV xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.
Yarış ilk dəfə olaraq işğaldan azad edilmiş Ağdərə rayonu ərazisində – Sərsəng su anbarında start götürəcək. Aprelin 27-də burada akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə nümunəvi çıxışlar və yarışlar təşkil olunacaq.
Bununla da Suqovuşan və Köndələnçayndan sonra Qarabağda daha bir məkanda avarçəkmə ənənəsinin əsası qoyulacaq.
Aprelin 28-də Mingəçevir şəhərində yarışların rəsmi paradı və açılış mərasimi keçiriləcək.
Aprelin 29-da yarışlar yenidən Suqovuşan su anbarında davam edəcək.
“Prezident Kuboku 2026” reqatasının həlledici yürüşləri isə 30 aprel – 1 may tarixlərində Mingəçevirdə yerləşən Kür Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.
Turnirə mayın 1-də yekun vurulacaq.
Namiq HUN
tag: Prezident Kuboku 2026,Avarçəkmə,Reqata,Proqram,Todaypress.tv,
