Polisdən təhlükəsizlik həyəcanı, LFP-dən isə sərt qərar: “PSJ” – “Lion” oyunu təxirə salınmadı!
Fransa Peşəkar Futbol Liqası (LFP) ölkə çempionatının VIII turu çərçivəsində keçirilməli olan PSJ və “Lion” matçının vaxtının dəyişdirilməsi tələbini rədd edib. Görüşün əvvəlcədən planlaşdırıldığı kimi, oktyabrın 25-də Bakı vaxtı ilə saat 23:45-də “Park de Prens” stadionunda baş tutması nəzərdə tutulur.
TodayPress TV xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
Bildirilib ki, Paris polis prefekturası paytaxtda hüquq-mühafizə orqanlarının üzərinə düşən yüksək iş yükü və təhlükəsizliyin təmin edilməsində yaranan çətinliklər səbəbindən LFP-yə müraciət edərək oyunu başqa tarixə keçirməyin mümkünlüyünü soruşub.
Buna baxmayaraq, LFP hələlik bu təkliflə razılaşmayıb. Lakin qurumdan qeyd edilib ki, əgər şəhər hakimiyyəti rəsmi şəkildə müvafiq sərəncam verərsə, liqa bu qərara tabe olmağa hazırdır.
Beləliklə, hazırkı vəziyyətə əsasən matç öz vaxtında keçiriləcək. Klublar şəhər rəhbərliyinin həftəsonu üçün tədbirlər proqramı fonunda təhlükəsizlik tədbirlərini gücləndirməsi və vəziyyətin inkişafını gözləməsi ilə əlaqədar son qərarı gözləyirlər.
Namiq HUN