Pentaqonda “dünyanı" dağıtdılar - Zarafatlara səbəb olan hadisə
ABŞ müdafiə naziri Pit Heqsetin əməkdaşları İkinci Dünya müharibəsi dövrünə aid tarixi qlobusu onun kabinetinə köçürmək istəyərkən yerə salaraq zədələyiblər.
TodayPress TV xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, hadisə fevralın 3-də baş verib. ABŞ generalı Duayt Eyzenhauerə məxsus olan qlobusun Pentaqonun binası daxilində başqa yerə köçürülməsi prosesi Heqsetin əməkdaşlarına həvalə edilib.
Nəşr yazır ki, tarixi əşyaların binada yerinin dəyişdirilməsi adətən təcrübəli mütəxəssislərin nəzarəti altında həyata keçirilir. Lakin bu dəfə əməkdaşlar qlobusu daşıyarkən ona nəzarəti itiriblər və artefakt yerə düşərək altlığın üzərinə çırpılıb. Nəticədə qlobusun Antarktida yaxınlığındakı kövrək örtüyündə eni bir neçə düym olan deşik yaranıb.
Hadisə Pentaqonda dərhal söz-söhbətə və zarafatlara səbəb olub.
Aysel Mətləb