Ukrayna Rusiyanın hərbi obyektlərini hədəfə aldı

Ukrayna Rusiyanın hərbi obyektlərini hədəfə aldı
23.10.2026 09:38 Dünya

Oktyabrın 22-nə keçən gecə Ukrayna ordusu Moskva və Moskva vilayəti də daxil olmaqla Rusiyanın bir neçə bölgəsinə pilotsuz uçuş aparatları ilə hücum edib.

TodayPress TV xəbər verir ki, “Meduza”nın məlumatına görə, Yeni Moskvanın Voronovo rayonunda baş verən hücum nəticəsində iki nəfər yaralanıb.

“Astra” nəşrinin məlumatına əsasən, Moskva vilayətinin Serpuxov şəhərində Rusiya Müdafiə Nazirliyinə məxsus, silah və sursat istehsalı ilə məşğul olan 75 saylı Arsenal müəssisəsi hədəfə alınıb. Ukraynanın “Exilenova+” Telegram kanalı isə Moskva vilayətinə dronlarla yanaşı, raketlərlə də hücum edildiyini iddia edib.

Moskva meri Sergey Sobyanin oktyabrın 21-i axşamından etibarən şəhərə yaxınlaşan 163 dronun vurulduğunu bildirib. Onun sözlərinə görə, ümumilikdə Moskva və Moskva vilayəti istiqamətində 630 Ukrayna dronu uçub, onların əksəriyyəti şəhərdən uzaq ərazilərdə zərərsizləşdirilib.

Ukrayna dronlarının hücum etdiyi digər bölgə Lipetsk olub. Vilayət qubernatoru İqor Artamonovun bildirdiyinə görə, şəhərdə fərdi və çoxmənzilli yaşayış binalarının, eləcə də klinikanın pəncərələri və fasadları zədələnib. Hadisə nəticəsində 2001-ci il təvəllüdlü bir kişi yaralanaraq xəstəxanaya yerləşdirilib.

“Astra”nın məlumatına görə, hücum zamanı Lipetskdəki “Atmosfera” yaşayış kompleksinin binasının yuxarı mərtəbələrində yanğın baş verib.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev gecə ərzində Voronej və vilayət ərazisi üzərində 44 dronun vurulduğunu açıqlayıb. Tula vilayətinin yerli hakimiyyət orqanları isə bölgə üzərində 70 Ukrayna dronunun məhv edildiyini bildirib.

Hücumlar nəticəsində Voronejdə fərdi və çoxmənzilli yaşayış binalarının dam örtüklərinə və fasadlarına, eləcə də kommunal xidmət obyektinə ziyan dəyib. Tula vilayətinin Zaokski rayonunda da fərdi evlərə zərər dəydiyi bildirilib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər