“Barselona”nın keçmiş ulduzundan gözlənilməz Mourinyo şərhi: "O, bu kluba layiqdir!"
“Barselona” və “Real Madrid” klublarının sabiq yarımmüdafiəçisi Luiş Fiqu bildirib ki, Joze Mourinyo Kataloniya təmsilçisi üçün uyğun baş məşqçi ola bilərdi.
TodayPress TV xəbər verir ki, Fiqu “Mundo Deportivo” nəşrinə açıqlamasında bu fikirləri səsləndirib:
“Mourinyo “Barselona”nın yaxşı məşqçisi ola bilərdi. Onun namizədliyi hətta Qvardiolanın təyinatından əvvəl də müzakirə olunurdu - bəlkə də ona görə ki, onun “Barsa”nı idarə etmək üçün lazım olan keyfiyyətlərə malik olduğu düşünülürdü. Ola bilər ki, mən onunla oynayanda təcrübəsi yox idi, lakin zaman keçdikcə, qazandığı uğurları nəzərə alsaq, o, şübhəsiz ki, “Barsa”nın yaxşı baş məşqçisi olardı, çünki onun qabiliyyəti və bilikləri var idi. Əgər o, geri qayıtsaydı, klubun fəlsəfəsini də, komandanı da yaxşı bilərdi”.
Xatırladaq ki, Mourinyo 1996–2000-ci illərdə kataloniyalıların məşqçilər korpusunda köməkçi qismində çalışıb.
Namiq HUN