Kamboca rusiyalı dələduzları Moskvaya geri qaytardı
Kamboca İnterpolun axtarışında olan iki Rusiya vətəndaşını Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verib.
TodayPress TV xəbər verir ki, “Lenta.ru”nun Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volka istinadən yaydığı məlumata görə, onlar dələduzluq yolu ilə ümumilikdə 8 milyon rubldan çox vəsait mənimsəməkdə ittiham olunurlar.
Təhvil verilən şəxslər bir kişi və bir qadındır. Onların Moskvaya aparılması nəzərdə tutulur.
Kişi 2007–2008-ci illərdə avtomobil təmiri sexinə rəhbərlik edib. İstintaqın məlumatına görə, o, banklara yalan məlumatlar təqdim edərək kredit dələduzluğu yolu ilə 6,5 milyon rubldan çox vəsait əldə edib. Onun barəsində 2014-cü ildə beynəlxalq axtarış elan olunub.
Qadın isə 2014-cü ildə turizm agentliyi vasitəsilə səyahət paketləri satıb, lakin müştərilər qarşısında müqavilə öhdəliklərini yerinə yetirməyib. Bu iş üzrə ona qarşı Rusiya Cinayət Məcəlləsinin dələduzluqla bağlı maddəsi ilə cinayət işi açılıb. 2015-ci ilin dekabrında qadın beynəlxalq axtarışa verilib.
Jalə Rövşən