Piastri komandadan ayrılıq ehtimalını etiraf etdi

İdman

27.04.2026 17:26

“Formula-1” pilotu Oskar Piastri ötən mövsüm komanda daxilində yaşanan çempionluq mübarizəsinin nəzarətdən çıxa biləcəyini etiraf edib.

TodayPress TV xəbər verir ki, bu barədə “High Performance” məlumat yayıb. 

“Maklaren” pilotu bildirib ki, əgər onunla Lando Norris arasındakı mübarizə açıq düşmənçiliyə çevrilsəydi, onlardan biri komandadan ayrıla bilərdi.

“Biz ikimiz də hansı vəziyyətdə olduğumuzu anlayırdıq: bir-birimizi qabaqlamağa çalışırdıq və yalnız birimiz qalib gələ bilərdi. Bunu bilirdik, amma münasibətlər heç vaxt xoşagəlməz müstəviyə keçmədi və məncə, bu, çox vacib idi.

Ötən il vəziyyət çox asanlıqla nəzarətdən çıxa bilərdi. Əgər iş son həddə çatsaydı, sual yaranardı: bizdən biri bu gün burada narıncı kombinezonda olardımı?

Komandanın gələcəkdəki dinamikasını qorumaq çox vacibdir. Aydındır ki, bu ilə istədiyimiz kimi başlamadıq, amma ötən il vəziyyət 10 dəfə daha da pisləşə və uzunmüddətli problemə çevrilə bilərdi”, - deyə Piastri bildirib.

Namiq HUN

TodayPress TV

tag: Oskar Piastri,Formula 1,yarış,Pilot,Todaypress.tv,