NBA-də üç xallıq xətt dəyişə bilər
İdman
28.04.2026 17:09
13 qat NBA çempionu olan əfsanəvi məşqçi Fil Cekson liqada üç xallıq xəttin yenidən nəzərdən keçirilməsi ideyasını dəstəkləyib.
TodayPress TV xəbər verir ki, amerikalı mütəxəssis “Qolden Steyt Uorriorz”un baş məşqçisi Stiv Kerrin üç xallıq atışların rolu ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Fil Cekson sosial şəbəkə hesabında paylaşım edərək son 15 ildə NBA qaydalar komitəsindən meydançanın yan hissələrinin genişləndirilməsini istədiyini qeyd edib.
O bildirib ki, küncdən atılan üç xallıq zərbələrin məsafəsi də mərkəzdə olduğu kimi 7,24 metrə qədər artırılmalıdır.
Xatırladaq ki, “Qolden Steyt Uorriorz”un baş məşqçisi Stiv Kerr daha əvvəl dörd xallıq atış ideyasını dəstəkləmədiyini və hətta üç xallıq xəttin ləğvini mümkün variant kimi göstərdiyini deyib.
Kerrin sözlərinə görə, müasir basketbolda analitika oyunu daha proqnozlaşdırılan edib və komandalar daha çox ya səbət altından, ya da qısa məsafəli künc üçlüklərindən istifadə edir.
O hesab edir ki, üç xallıq xətt olmasa, basketbol daha rəngarəng və müxtəlif ola bilər.
Namiq HUN
tag: NBA,Fil Cekson,Qolden Steyt Uorriorz,Stiv Kerri,Todaypress.tv,
