Naomi Osaka karyerasının ən emosional anını bölüşdü

Naomi Osaka karyerasının ən emosional anını bölüşdü
28.07.2026 16:24 İdman

Dünya reytinqində 13-cü pillədə qərarlaşan yaponiyalı tennisçi Naomi Osaka karyerasında ən önəmli hesab etdiyi qələbədən danışıb.

TodayPress TV xəbər verir ki, 2018-ci ildə ABŞ-nin İndian-Uells şəhərində keçirilən WTA 1000 turnirində qazandığı çempionluq onun üçün US Open titulundan da xüsusi əhəmiyyət daşıyır.

“Həmin turnirdə qalib gələndə düşünürdüm ki, həyat bundan daha fərqli ola bilməz. Bu qələbə mənim üçün çox özəldir. Çünki anam daim işləyirdi və mən onu çox az görürdüm. Həmin uğurdan sonra o, təqaüdə çıxa bildi. Düşünürdüm ki, bu, zirvədir. Sonra isə US Open və onun ardınca gələn hadisələr baş verdi”, – deyə Osaka Vaşinqtonda keçirilən WTA 500 turniri öncəsi mətbuat konfransında bildirib.

Yapon tennisçi məşhurluqdan heç vaxt zövq almadığını da etiraf edib.

“Mən məşhur olmaq istəmirəm. İndiki vəziyyətimdən razıyam. İndi məni tennisdən daha çox moda ilə əlaqələndirirlər. Amma bunu demək də istəmirəm, çünki bu mövsüm yaxşı oynayıram”, – deyə Osaka zarafatla əlavə edib.

Qeyd edək ki, Naomi Osaka Vaşinqtonda keçirilən WTA 500 turnirində mübarizəyə ikinci mərhələdən başlayacaq. Onun rəqibi dünya reytinqində 67-ci yerdə qərarlaşan ABŞ təmsilçisi Eşlin Krüger olacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər