Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi
Norveçli süvari Kari Mette Stenerud üçnövçülük üzrə məşq zamanı baş verən bədbəxt hadisə nəticəsində həyatını itirib.
TodayPress TV xəbər verir ki, bu barədə Norveç Atçılıq Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Hadisə yerinə gələn həkimlər idmançıya ilkin tibbi yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Polis Stenerudun yaxınlarını məlumatlandırıb və hadisə ilə bağlı araşdırmaları davam etdirir. Bildirilib ki, bədbəxt hadisə zamanı at xəsarət almayıb.
Federasiyanın açıqlamasında qeyd olunub ki, hadisənin bütün təfərrüatları araşdırılır və zərərçəkənlərə lazımi dəstək göstərilir.
“Bu, Norveçdə təşkil olunmuş atüstü idman yarışları çərçivəsində insan ölümü ilə nəticələnən ilk hadisədir. Gələcəkdə bu cür halların qarşısının alınması üçün bütün zəruri addımlar atılacaq”, – deyə federasiyanın bəyanatında bildirilib.
Qeyd edək ki, 37 yaşlı Kari Mette Stenerud konkur və üçnövçülük növlərində çıxış edir, “Skedsmo Rideklubb” klubunu təmsil edirdi.
Namiq HUN