“Maklaren”in 2026 bolidi rekord qiymətə satıldı
İdman
27.12.2025 11:27
“Formula-1”də 2026 mövsümü üçün nəzərdə tutulan “Maklaren” bolidi - MCL40A unikal auksion çərçivəsində rekord məbləğə satılıb.
TodayPress TV xəbər verir ki, bolidi 11 milyon 480 min ABŞ dolları müqabilində almaq mümkün olub.
Bununla da MCL40A indiyədək auksionda satılmış ən bahalı altıncı “Formula-1” avtomobili kimi tarixə düşüb. Mütləq rekord isə 1954-cü il istehsalı Mercedes W196R Streamliner modelinə məxsusdur. Bu avtomobil 2025-ci ilin fevralında 52,7 milyon dollara satılıb.
MCL40A bolidi alıcıya 2028-ci ilin birinci rübündə, 2026 mövsümünün tam texniki spesifikasiyasında çatdırılacaq. Avtomobil “Mercedes” mühərriki və rəsmi livreyaya malik olacaq. Bu müddətə qədər isə auksionun qalibi nümayiş məqsədilə 2025-ci il bolidinin şou-kar versiyasını əldə edəcək.
Paketə həmçinin “Maklaren” komandasının rəhbəri Zak Braun, pilotlar Lando Norris və Oskar Piastri ilə Uokinqdəki texnoloji mərkəzdə görüş, MCL40 modelinin açıq təqdimatına qatılmaq, iki Qran-priyə (o cümlədən Monako) qonaq proqramı, eləcə də “24 saat Le-Man” və “Indianapolis-500” yarışlarına biletlər daxildir.
Qeyd edək ki, eyni auksion çərçivəsində Arrow McLaren komandasının IndyCar-2026 üçün avtomobili 848 750 dollara, həmçinin komandanın 2027-ci ildə dözümlülük yarışları üzrə dünya çempionatında iştirak edəcək hiperkarı isə 7 milyon 598 min 750 dollara satılıb.
Namiq HUN
tag: Formula-1,Maklaren,Auksion,Rekord,Todaypress.tv,
