Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı
Mourinyo şokdadır: Rodrinin “Real”a keçidinin niyə baş tutmadığı açıqlanıb.
TodayPress TV xəbər verir ki, jurnalist Serxio Valentin “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin “Real Madrid” klubuna transferinin baş tutmamasının səbəblərini açıqlayıb.
Onun sözlərinə görə, tərəflər arasında danışıqlar yekun mərhələyə çatmış, futbolçu transferə tam razılıq vermiş və “Mançester Siti” ilə müqavilənin əksər şərtləri razılaşdırılmışdı.
Lakin prosesə “Real Madrid”in baş skautu Xuni Kalafat müdaxilə edərək klub prezidenti Florentino Peresi transfer məbləğini aşağı salmağa inandırıb. Bundan sonra danışıqlar dayandırılıb. “Mançester Siti” qiyməti endirməkdən imtina edib və Rodrini digər klublara da təklif etməyə başlayıb.
Məlumata görə, Rodri əvvəlcə yalnız “Real Madrid”ə keçmək istəyirdi. Lakin uzun gözləmə müddətindən sonra vəziyyət dəyişib. Dörd gün əvvəl “Barselona”nın idman direktoru Deko futbolçu ilə görüş keçirib. Həmçinin komandanın baş məşqçisi Hans-Diter Flik və İspaniya millisində Rodri ilə birgə çıxış edən, hazırda “Barselona”da oynayan futbolçular da onunla əlaqə saxlayıblar. Nəticədə ispaniyalı yarımmüdafiəçi Kataloniya klubunun təklifinə də müsbət yanaşmağa başlayıb.
Jurnalist bildirib ki, “Real Madrid” əvvəlcə transfer məbləğini azaltmağa çalışdığı üçün indi həm daha yüksək məbləğ ödəməli, həm də futbolçunu yenidən razı salmalı olacaq.
Valentin əlavə edib ki, agent Jorje Mendeş baş verənləri Joze Mourinyoya danışıb və portuqaliyalı mütəxəssis bu vəziyyətdən ciddi şəkildə təəccüblənib.
Namiq HUN