FIFA U-20 mundialı Azərbaycanın 5 şəhərini əhatə edəcək
İdman
26.12.2025 13:34
2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatının Azərbaycanda hansı stadionlarda baş tutacağı məlum olub.
TodayPress TV prosport.az-a istinadən xəbər verir ki, mundialın oyunları Bakı, Sumqayıt, Gəncə, Qəbələ və Xankəndi şəhərlərində təşkil olunacaq.
Bakıda qarşılaşmaların Bakı Olimpiya Stadionu (BOS) və ya Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi müzakirə edilir. BOS-un tutumunun çox böyük olması səbəbindən tamaşaçı doluluğu baxımından ikinci variant da nəzərdən keçirilir.
Sumqayıtda oyunların Mehdi Hüseynzadə adına şəhər stadionunda, Qəbələdə şəhər stadionunda, Gəncədə yeni istifadəyə verilmiş Gəncə stadionunda, Xankəndidə isə şəhər stadionunda keçirilməsi planlaşdırılır.
Qeyd olunur ki, Xankəndi stadionunda məşqlər üçün ehtiyat meydançaların olmaması burada oyunların keçirilməsinə maneə yarada bilər. Lakin problemin aradan qaldırılacağı ehtimal olunur.
Xatırladaq ki, FIFA oktyabrın 2-də keçirilən iclasında 20 yaşadək futbolçular arasında dünya çempionatının Azərbaycan və Özbəkistana verilməsini təsdiqləyib. Turnirdə 24 komanda 6 qrupda mübarizə aparacaq.
Namiq HUN
tag: Azərbaycan,Olimpiya,Stadion,Mundial,Todaypress.tv,
