Ferstappenin ən ağır çempionluğu: “Bu, əsl müharibə idi”
“Red Bull”un keçmiş məsləhətçisi Helmut Marko 2021-ci ildə qazanılan dünya çempionluğu titulunun Maks Ferstappenin karyerasında ən çətin olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “F1oversteer” portalı məlumat yayıb.
Markonun sözlərinə görə, həmin mövsümdə “Mercedes”lə mübarizə son həddə çatan əsl müharibəyə çevrilmişdi.
“Düşünürəm ki, həmin mövsümün əvvəlində bolid və pilotun ən yaxşı kombinasiyası bizdə – “Red Bull”da idi. “Mercedes” üçün dönüş nöqtəsi isə Silverstoundakı insidentdən sonra baş verdi. Həmin vaxt Hemilton Maksın təkərinə toxundu və ciddi qəza yaşandı. Yadımdadır ki, Maks baryerə çırpılarkən 50G-lik yüklənməyə məruz qalmışdı.
Daha sonra “Mercedes” xüsusi mühərrik versiyası hazırladı. Bu, çox güclü mühərrik idi, lakin maksimum imkanlarında cəmi bir neçə yarış işləyə bilirdi. Nəticədə mühərrik dəyişikliklərinə görə cərimələr savaşı başladı.
Düşünürəm ki, Ferstappen üçün həqiqətən çətin olan yeganə titul 2021-ci ildəki çempionluq idi. Çünki bu, adi idman mübarizəsindən daha çox əsl müharibəyə bənzəyirdi. Heç də xoş təcrübə deyildi”, – deyə Marko bildirib.
Namiq HUN