Müharibənin ilk günü Əraqçiyə verilən o mesaj - kartlar açıldı
Müharibənin ilk günü - fevralın 28-də İsrailin hücumunu qınayan ilk ölkə Pakistan olub.
TodayPress TV xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri İshaq Dar "Euro News"a açıqlamasında deyib.
O, bundan sonra İranın xarici işlər naziri Abbas Əraqçiyə zəng edərək təmkinli davranmağa və hücuma cavab verməməyə çağırdığını deyib.
Nazir qeyd edib ki, Əraqçiyə qardaşcasına müraciət edərək Yaxın Şərq və Körfəz ölkələrinə hücum etməməsini istəyib. Onun sözlərinə görə, İranın əsas mövqeyi yalnız regiondakı Amerika hərbi bazalarını hədəf almaq olub.
İshaq Dar ABŞ və İran arasında danışıqların keçirilməsi üçün İslamabadın ortaq seçim olduğunu vurğulayıb. O bildirib ki, İranın qarşısında Maskat və İslamabad, ABŞ-ın qarşısında isə Doha və İslamabad variantları olub. Hər iki tərəfin İslamabadı seçməsi Pakistan üçün əhəmiyyətlidir.
Pakistanın xarici işlər naziri ölkəsinin eyni zamanda həm ABŞ-ın, həm də Çinin strateji tərəfdaşı olmasının mümkünlüyünə də toxunub. O, bunun iqtisadiyyat və sülh naminə əməkdaşlıqdan asılı olduğunu bildirib.
Əfqanıstanla münasibətlərə gəlincə, Dar Pakistanın bu ölkənin sabit, iqtisadi cəhətdən dayanıqlı və inkişaf etmiş dövlətə çevrilməsini istədiyini deyib. Nazir əlavə edib ki, Kabillə irəliləyiş əldə etmək üçün terrorçu qruplaşmaların fəaliyyətinə qarşı real tədbirlər görüldüyünü təsdiqləyən sübutlar təqdim olunmalıdır.
Jalə Rövşən