Fernando Alonsodan iddialı bəyanat: “Səbrimiz bitdi, nəticəni tez istəyirik!”
“Aston Martin” komandasının pilotu Fernando Alonso “Honda”nın “Formula-1”dəki inkişafı və yapon mühərrik istehsalçısının yenidən rəqabətədavamlı səviyyəyə qayıtmalı olduğu müddət barədə danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Crash.net” məlumat yayıb.
İkiqat dünya çempionu “Honda”ya tam etibar etdiyini bildirib:
“Bəli, “Honda”nın “Red Bull” ilə əldə etdiyi uğuru “Aston Martin”lə də təkrar edəcəyinə yüz faiz əminəm. Yaponiyada ən güclü texniki imkanlar mövcuddur. Güc qurğularına cavabdeh olan heyət və rəhbərlik gücləndirilib, əvvəlki layihədə çalışan mütəxəssislərin bir çoxu yenidən bu işə cəlb olunub. Ona görə də mənim heç bir şübhəm yoxdur, “Honda”ya tam güvənirəm".
Bununla belə, Alonso nəticələrin tez bir zamanda əldə olunmasının vacibliyini vurğulayıb:
"Biz sadəcə bu prosesi sürətləndirməliyik. Təəssüf ki, yeni texniki reqlamentə istədiyimiz səviyyədə başlaya bilmədik. Lakin lazımi səviyyəyə çatacağımıza şübhə etmirəm. Dəfələrlə dediyim kimi, keçən dəfəki kimi beş və ya altı il gözləmək istəmirik. Biz buna iki, maksimum üç il ərzində nail olmaq niyyətindəyik".
Namiq HUN