Dünya Kubokunda insident: rus idmançı cəzalandırıldı
İdman
16.04.2026 09:25
Rusiyalı gimnast Ukrayna bayrağına dönmədiyi üçün xəbərdarlıq alıb.
TodayPress TV xəbər verir ki, rusiyalı gimnast Sofiya İlteryakovaya Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən xəbərdarlıq edilib.
Hadisə 30 mart 2026-cı ildə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən bədii gimnastika üzrə Dünya Kuboku mərhələsində baş verib. Halqa ilə çıxışda qalib gələn ukraynalı idmançının mükafatlandırma mərasimi zamanı səslənən himn və ekranda göstərilən bayraqlar zamanı İlteryakova bayraqlara tərəf dönməyib.
FIG qaydalarına əsasən, neytral statusda çıxış edən idmançılar mərasimlər zamanı davranış standartlarına ciddi riayət etməli və siyasi və ya hörmətsizlik kimi qiymətləndirilə biləcək addımlardan çəkinməlidirlər.
Qurumun xüsusi komitəsi məsələni araşdıraraq idmançının izahatlarını da nəzərə alıb və ona rəsmi xəbərdarlıq verilməsi qərarını qəbul edib. Bildirilib ki, gələcəkdə oxşar qayda pozuntusu təkrarlanarsa, İlteryakova neytral statusdan məhrum edilə bilər.
Qeyd edək ki, daha əvvəl Ukrayna Gimnastika Federasiyası rusiyalı idmançının neytral statusunun ləğv edilməsini tələb etmişdi.
Namiq HUN
tag: Sofiya İlteryakovaya,FİG,Xəbərdarlıq,Kubok,Todaypress.tv,
