Dünya çempionatına vəsiqə qazanan şahmatçılar açıqlandı

İdman

08.12.2025 15:53

Şahmatın rapid və blits növü üzrə təşkil edilən Azərbaycan çempionatında qaliblər müəyyənləşib.

TodayPress TV xəbər verir ki, 32 kişi və 20 qadın şahmatçının Respublika Şahmat Mərkəzində təşkil edilən yarışı dörd gün davam edib.

Qadınların yarışında iki turnirin cəminə əsasən 13 xal toplayan Türkan Məmmədyarova çempion olub. Eyni xala malik Mələk İsmayıl əlavə göstəricilərə əsasən ikinci yerlə kifayətlənib. Üçüncü yerdə 12 xal toplayan Ləman Hacıyeva qərarlaşıb. 

Kişilərin yarışında isə Azərbaycan çempionu titulunu yığma komandanın liderlərindən olan Rauf Məmmədov qazanıb. O, 14 xalla bütün rəqiblərini geridə qoyub. Çempiondan 1 xal az toplayan Murad İbrahimli ikinci yerdə qərarlaşıb. Hərəyə 12.5 xal toplayan Read Səmədovla Aydın Süleymanlı yarışı müvafiq olaraq 3-4-cü yerdə başa vurublar. 

Qeyd edək ki, həm kişilərin, həm də qadınların turnirində ilk üç yeri tutan şahmatçılar dünya çempionatına ezam olunacaq.

Dünya çempionatı 25-31 dekabrda Qətərin paytaxtı Dohada keçiriləcək.

Namiq HUN

TodayPress TV

tag: Şahmat,Turnir,Yarış,Çempionat,Todaypress.tv,