Dondurulmuş milyardlar: Abramoviç məhkəməyə hazırlaşır
İdman
27.12.2025 09:26
“Çelsi”nin sabiq sahibi Roman Abramoviç, 5,3 milyard funt sterlinqdən çox məbləğdə dondurulmuş aktivlərlə bağlı məhkəmə çəkişməsində maraqlarını qorumaq üçün yüksək səviyyəli hüquqşünaslardan ibarət komanda formalaşdırıb.
TodayPress TV xəbər verir ki, "The Times" nəşri bu barədə məlumat yayıb.
Rusiyalı biznesmenin aktivləri 2022-ci ildə, onların mənşəyi ilə bağlı istintaq başladıqdan sonra Cersi hakimiyyəti tərəfindən dondurulub.
Bildirilir ki, Abramoviçin məhkəmədə maraqlarını təmsil edən hüquqi komandaya ABŞ-nin prezidenti Donald Trampın ilk prezidentliyi dövründə baş hüquq məsləhətçisi olmuş Erik Herşmann da daxildir. Bundan başqa, qrupda azı daha beş hüquqşünas yer alır.
Məhkəmə prosesinin nəticəsi “Çelsi”nin satışından əldə olunan vəsaitin taleyinə birbaşa təsir göstərə bilər. Müqavilənin şərtlərinə əsasən, Abramoviç bu vəsaiti Ukraynada baş verən hadisələrin qurbanlarına yardım məqsədilə yönəltməlidir.
Biznesmenin nümayəndələrinin sözlərinə görə, klubun satışından əldə edilən 2,35 milyard funtun 1,4 milyard funtu, Cersi hakimiyyəti istintaq və məhkəmə prosedurlarını başa çatdırmayana qədər xeyriyyə fonduna köçürülə bilməz.
Böyük Britaniyanın baş naziri Kir Starmer daha əvvəl bildirmişdi ki, Abramoviç üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və vəsaiti Ukraynaya humanitar yardım üçün yönəltməlidir. Əks halda, hökumət bu məsələdə məhkəmə yolu ilə qərar çıxara bilər.
Mənbənin məlumatına görə, Abramoviç Starmerin 17 martadək bütün vəsaitin Ukraynaya yardım fonduna köçürülməsi tələbini nəzərə almamaq niyyətindədir.
Qeyd olunur ki, “Çelsi”nin satışından əldə edilən 2,35 milyard funt, eləcə də 2022-ci ildən bəri yığılan təxminən 150 milyon funt faiz gəliri Abramoviçə məxsus Fordstam Ltd şirkətinin bank hesabında dondurulmuş vəziyyətdə qalır.
Bu məbləğin 1,429 milyard funtu Cersidə qeydiyyatdan keçmiş və Abramoviçin nəzarətində olan Camberley International Investments Limited şirkətinə məxsusdur.
Xatırladaq ki, Abramoviç 2022-ci ildə Böyük Britaniya hökumətindən “Çelsi”ni satmaq üçün icazə almışdı. Şərtə əsasən, bütün vəsait Ukraynada baş verən hadisələrin qurbanlarına yönəldilməli idi. Lakin eks-klub sahibinin mövqeyi ilə bağlı mürəkkəb danışıqlar səbəbindən pul vəsaitləri hələ də bloklanmış vəziyyətdə qalır.
"The Athletic" nəşrinin məlumatına görə, əsas fikir ayrılığı vəsaitin bölüşdürülməsi ilə bağlıdır. Abramoviç yardımın bütün qurbanlara, o cümlədən rus əsgərlərinə də şamil olunmasını, həmçinin vəsaitin bir hissəsinin Ukraynadan kənar digər xeyriyyə məqsədləri üçün istifadə edilməsini istisna etmirdi.
Namiq HUN
tag: Çelsi,Abramoviç,Məhkəmə,Aktiv,Todaypress.tv,
