Hemiltondan sabiq pilotlara sərt mesaj: Gəncləri rahat buraxın!
“Formula-1” üzrə yeddiqat dünya çempionu Lyuis Hemilton gənc pilotları müdafiə edib.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb.
O, keçmiş pilotları, eləcə də hazırda çempionatda çıxış edən bəzi yaşlı sürücüləri yeni nəslin nümayəndələrinə qarşı sərt münasibətlərinə görə tənqid edib.
Həmilton bildirib ki, vaxtilə özləri də oxşar çətinliklərlə üzləşən sabiq pilotlar gənc idmançıların vəziyyətinə anlayışla yanaşmırlar.
““Formula-1”in keçmiş pilotlarının və ya hazırda çıxış edən daha yaşlı sürücülərin gənc idmançılar haqqında daim xoşagəlməz fikirlər səsləndirdiyini görürəm. Halbuki onlar da vaxtilə oxşar vəziyyətlərdən keçiblər. Buna baxmayaraq, gənclərə qarşı kifayət qədər empatiya nümayiş etdirmirlər. Mən heç vaxt belə pilot olmaq istəməmişəm. Buna görə də layiq olanların uğurlarını qeyd etməyə çalışıram.
Hər həftə bütün təzyiqlərə baxmayaraq, gənc pilotların, o cümlədən peletonun orta və son sıralarında yer alan sürücülərin mübarizəsini davam etdirməsi olduqca təqdirəlayiqdir.
Təbii ki, biz pilotlar çox imtiyazlı mövqedəyik. Amma bu səviyyəyə yüksəlmək, uğursuzluqlardan sonra başını dik tutmaq və dəfələrlə məğlubiyyətdən ayağa qalxmaq böyük zəhmət tələb edir. Məncə, gənc pilotlar bütün bunların öhdəsindən əsl təvazökarlıq və ləyaqətlə gəlirlər.
Əlbəttə, onlar da yolboyu səhvlərə yol verirlər. Lakin “Formula-1” avtoidmanın zirvəsidir. Burada uğur qazanmaq üçün ən çətin mühitlə qarşılaşmalı olursan və səhv etmək çox asandır. Təzyiqə tab gətirməmək ən asan variantdır. Mən onların hər birinin nələr yaşadığını anlayıram. Yenidən ayağa qalxmaq, özünü toparlamaq və irəliləməyə davam etmək asan deyil. Buna görə də onlara həqiqətən böyük hörmət bəsləyirəm”, – deyə Hemilton bildirib.
Namiq HUN