Olimpiya məşəli sönür, Azərbaycan idmançılarının uğuru qalır

Olimpiya məşəli sönür, Azərbaycan idmançılarının uğuru qalır
13.11.2026 13:24 İdman

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi bu gün təşkil olunacaq.

TodayPress TV Milli Olimpiya Komitəsinə istinadən xəbər verir ki, Diamniadio şəhərindəki Atletlər Kəndində yerləşən “Village Plaza”da keçiriləcək mərasim Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Mərasim zamanı gənc idmançılar Olimpiya məşəlinin söndürülməsindən əvvəl sonuncu dəfə bir araya gələcəklər.

Bağlanış mərasimində Azərbaycanın üçrəngli bayrağını gender bərabərliyi prinsipi əsasında Oyunların gümüş mükafatçıları - boksçu Gülər Hüseynova (51 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) daşıyacaqlar.

Xatırladaq ki, oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülərimiz - III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə və həmin yarışın digər bürünc medalçısı Məryəm Cavadova daşımışdılar.

Qeyd edək ki, Azərbaycan komandasının aktivində hazırda 3 qızıl və 3 gümüş medal var. Cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medal qazanıblar.

Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq) isə Oyunları gümüş medalla başa vurublar.

Azərbaycan komandası bu nəticə ilə ümumi medal sıralamasında 11-ci yerdə qərarlaşıb.

Namiq HUN

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər