Cüdoçumuzdan uğur: Tbilisidə bürünc medal sevinci
İdman
16.04.2026 17:34
Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Avropa çempionatı start götürüb.
TodayPress TV xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin yeddi üzvü tatamiyə çıxıb.
Kişi cüdoçuların mübarizəsində Əhməd Yusifov bürünc medal qazanıb. O, üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Balabəy Ağayevi məğlub edərək fəxri kürsüyə yüksəlib. Ağayev isə yarışı medalsız başa vurub.
Bu nəticə Azərbaycan yığmasının turnirdə qazandığı ilk medal olub.
66 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov da bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, təsəlliverici qarşılaşmada moldovalı rəqibi üstələyərək həlledici mərhələyə yüksəlib.
Qadınların yarışında isə Şəfəq Həmidova uğursuz çıxış edib. 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə ispaniyalı rəqibinə məğlub olaraq çempionatı medalsız başa vurub.
Digər milli üzvləri – Könül Əliyeva (48 kq), Leyla Əliyeva və Gültac Məmmədəliyeva (hər ikisi 52 kq) da çıxışlarını erkən mərhələdə başa çatdırıblar.
Namiq HUN
tag: Əhməd Yusifov,Cüdo,Medal,Uğur,Todaypress.tv,
