AFA rəhbərinə qarşı milyonluq ittiham
İdman
27.12.2025 10:07
Argentina prokurorluğu Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia və qurumun xəzinədarı Pablo Toviqino barəsində 19 milyard pesodan (13 milyon ABŞ dollarından çox) sosial ödənişlərin ödənilməməsi ilə bağlı ittiham irəli sürüb.
TodayPress TV "La Nacion" nəşrinə istinadən xəbər verir ki, prokuror Klaudio Navas Rial AFA əməkdaşları və ölkənin aparıcı klublarının işçiləri üçün nəzərdə tutulmuş pensiya ayırmalarının qanunsuz saxlanılması iddiası çərçivəsində Tapia və Toviqinoya qarşı rəsmi ittiham irəli sürüb.
İttiham aktı artıq hakimə təqdim olunub və Argentinada genişmiqyaslı istintaq başlanıb. İş materiallarında AFA-nın maliyyə departamentinin sədr müavini Lusiano Nakis də yer alır.
Bundan əlavə, istintaq orqanları AFA rəhbərliyinin Pilar şəhərində yerləşən 10 hektarlıq mülkə mümkün sahiblik məsələsini də araşdırır. Bildirilir ki, həmin ərazidə helikopter meydançası, at ferması və 50-dən çox retro avtomobil mövcuddur.
Qeyd edək ki, dekabrın ortalarında senator və Argentinanın sabiq təhlükəsizlik naziri Patrisiya Bullriç KONMEBOL-a müraciət edərək Tapianın fəaliyyətinin yoxlanılmasını tələb etmişdi. O, xüsusilə reklam gəlirlərinin bölüşdürülməsi, mükafat pulları ilə Tapianın ezamiyyə xərcləri arasındakı nisbət, eləcə də klubların borclarının idarə olunması mexanizminin araşdırılmasını istəmişdi.
Namiq HUN
tag: Argentina,AFA,Klaudio Tapia,Pablo Toviqino,Todaypress.tv,
