Nobel Sülh mükafatını alan afrikalı qadın kimdir? - DOSYE

Nobel Sülh mükafatını alan  afrikalı qadın kimdir? - DOSYE
09.10.2026 13:14 Gündəm

Nobel Sülh mükafatı laureatı məlum olub.

TodayPress TV  xəbər verir ki, builki mükafat sülhün və beynəlxalq hüququn təşviqi istiqamətində göstərdiyi xidmətlərə görə Navanethem (Navi) Pillaya təqdim olunub.

23 sentyabr 1941-ci ildə Cənubi Afrika Respublikasının Durban şəhərində anadan olan Navanethem Pillay ibtidai təhsilini yerli məktəblərdə alıb. Natal Universitetində hüquq bakalavrı dərəcəsinə yiyələndikdən sonra təhsilini Harvard Hüquq Məktəbində davam etdirərək magistr və doktorluq dərəcələrini qazanıb. Bununla da o, Harvard Universitetində hüquq elmləri doktoru dərəcəsi alan ilk cənubi afrikalı qadın kimi tarixə düşüb.

Pillay Cənubi Afrikada irqi ayrı-seçkilik dövründə öz hüquq firmasını təsis edən ilk ağdərili olmayan qadın vəkil olub. O, Robben adasında həbsdə saxlanılan siyasi məhbusların, o cümlədən Nelson Mandelanın müdafiə kampaniyalarında fəal iştirak edib və rejimə qarşı hüquqi müstəvidə ciddi mübarizə aparıb.

Beynəlxalq hüquq sahəsində böyük təcrübəyə malik olan Pillay 1995–2003-cü illərdə Ruanda Beynəlxalq Cinayət Məhkəməsində hakim və sədr kimi fəaliyyət göstərib. O, müharibə şəraitində cinsi zorakılığın "soyqırımı cinayəti" kimi tanınmasında mühüm rolu olan tarixi məhkəmə qərarlarına imza atıb. Daha sonra, 2003–2008-ci illərdə Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin hakimi vəzifəsini icra edib.

Diplomatik və hüquqi fəaliyyətini BMT sistemində davam etdirən Navi Pillay 2008–2014-cü illərdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı postunu tutub. Bu dövrdə o, qlobal səviyyədə insan hüquqlarının, söz azadlığının qorunması və ayrı-seçkiliklə mübarizə istiqamətində iri layihələrə rəhbərlik edib. 2021-ci ildən isə BMT İnsan Hüquqları Şurasının fərmanı ilə işğal olunmuş Fələstin əraziləri və İsraildəki hüquq pozuntularını araşdıran Müstəqil Araşdırma Komissiyasına sədrlik edir.

Ailə vəziyyətinə gəlincə, Navi Pillay 1965-ci ildə vəkil Qaby Pillay ilə ailə həyatı qurub. Cütlüyün bu nikahdan iki qız övladı var.

Jalə Rövşən 

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər